Almaniyanın Köln şəhərindən yayılan NTV kanalında ABŞ-nin İranda yeni silahları sınaqdan keçirdiyi haqda araşdırma təqdim olunub. Almaniyada yaşayan azərbaycanlı jurnalist Sarvan Səmədoğlu NTV kanalının əməkdaşı Markus Lippoldinin apardığı araşdırma haqda geniş materialın mətnini azərbaycancaya çevirib.
Medianews.az araşdırmanı oxuculara təqdim edir.
İranda müharibənin başlandığı ilk günlərdə hər iki tərəf minlərlə raketdən, o cümlədən qanadlı raketlərdən və dronlardan istifadə edib. ABŞ və İsrail İrandakı hədəfləri vurub, Tehrandakı rejim isə İsrailə, ABŞ hərbi bazalarına, həmçinin Körfəz ölkələrinin obyektlərinə və Hörmüz boğazındakı gəmilərə hücumlarla cavab verib.
Bəs müharibədə iştirak edən tərəflər konkret olaraq hansı silahlardan istifadə edirlər? Həmin silahlar hansı məqsədlə tətbiq olunur?
Məlum olur ki, ABŞ yalnız bəlli sistemlərə deyil, həm də yeni silahlara müraciət edir. Ukraynada olduğu kimi, Yaxın Şərq də müasir müharibə üsullarının sınaq meydanına çevrilir. ABŞ-ın əsas istifadə etdiyi silahlara qısa nəzər yetirək.
Təyyarədaşıyan gəmilər
Müharibə başlamazdan əvvəl ABŞ Yaxın Şərqdə 2003-cü ildən – İraqa hücum etdiyi vaxtdan – bəri ən böyük hərbi qüvvəni cəmləşdirib. Buna Ərəbistan dənizində və Oman körfəzində fəaliyyət göstərən “USS Abraham Lincoln” və Aralıq dənizində yerləşən, dünyanın ən böyük və ən bahalı hərbi gəmisi sayılan “USS Gerald Ford” təyyarədaşıyanları daxildir. Bu gəmilərdə onlarla döyüş təyyarəsi yerləşir və hər biri raketlərlə təchiz edilmiş esmineslərin də daxil olduğu donanma tərəfindən müşayiət olunur. Bundan əlavə, döyüş bölgəsində sualtı qayıqlar da fəaliyyət göstərir.
Qanadlı raketlər
Həm esmineslər, həm də sualtı qayıqlar “Tomahawk” tipli qanadlı raketlər buraxır. Böyük uçuş məsafəsi və zərbə gücü, strateji hədəfləri, məsələn, hərbi bazaları məhv etmək qabiliyyəti onları ən vacib silahlardan birinə çevirir. Ehtimal olunur ki, belə raketlərdən biri İranın cənubundakı Minab şəhərində bir qız məktəbinə düşərək 170-dən çox insanın ölümünə səbəb olub.
Beləliklə, ilk dəfə olaraq radara az görünən “Tomahawk” raketlərindən istifadə edilib. Onların qara örtüyü radar şüalarının müəyyən dalğa uzunluqlarını udaraq onları daha az əks etdirə bilər.
Hərbi ekspert Qustav Qresselə görə, istifadə olunan başqa bir qanadlı raket “AGM-84 Harpoon”dur. Bu, əvvəlcə dəniz hədəfləri üçün nəzərdə tutulsa da, artıq quru hədəflərinə qarşı da istifadə edilə bilir. Havadan isə müxtəlif versiyaları olan AGM-158 JASSM raketləri tətbiq olunur.
“New York Times” qəzetinin məlumatına görə, ilk hücum dalğalarında “AGM-154 Joint Standoff Weapon” kimi dəqiq idarə olunan planer bombalardan (planer - heç bir enerji mənbəyi olmadan uça bilən sabit qanadlı təyyarə deməkdir) da istifadə olunub. Onların üstünlüyü ondadır ki, bomba düşmən hava müdafiəsinin çatmadığı məsafədən buraxılır və qanadlarının köməyi ilə təxminən 130 km məsafəyə səssizcə süzərək hədəfə çatır. İdarəetmə sistemləri yüksək dəqiqlik təmin edir. Ekspert Qressel həmçinin “GBU-39 Small Diameter Bomb” tipli planer bombaların “anqarları və qorunan təyyarələri dəqiq şəkildə məhv etmək üçün” istifadə olunduğunu deyir.
Bombalar və raketlər
Müharibənin əvvəlində planer bombalar vasitəsilə İranın hava müdafiə mövqeləri zərərsizləşdirilib. Hava üstünlüyü əldə edildikdən sonra isə daha sadə və ucuz bombalardan istifadə etmək mümkündür. Bunlara “Joint Direct Attack Munition” (JDAM) daxildir. Bu, əlavə GPS sistemi ilə təchiz edilərək adi bombaların yüksək dəqiqlikli sursata çevrilməsini təmin edir. “New York Times” yazır ki, bu bombalar 2001-ci ilin 11 sentyabr hadisələrindən sonrakı müharibələrdə Pentaqonun hava zərbələri üçün “sevimli alətinə” çevrilib.
2026-cı ilin İran müharibəsində ilk dəfə “Precision Strike Missile” (PrSM) adlı raketlərdən də istifadə olunur. Quru platformasından buraxılan bu qısa mənzilli ballistik raketlər Ukrayna müharibəsindən tanınan ATACMS raketlərinin varisidir, lakin onların uçuş məsafəsi 500 km-dən çoxdur. Bu raketlər ABŞ ordusunun arsenalına yalnız 2024-cü ildə daxil edilib.
Dronlar
ABŞ ordusunun inkişaf etdirdiyi yeni silahlardan biri də qanadlı raketlərlə müqayisədə çox ucuz olan bir silahdır: “Lucas” adlı dron. Bu, hədəfə birbaşa uçaraq partlayan və yalnız bir dəfə istifadə olunan kamikadze drondur. “Low-Cost Uncrewed Combat Attack System” (yəni ucuz pilotsuz döyüş hücum sistemi) İranın “Shahed-136” dronundan ilham alaraq hazırlanıb. “Shahed-136”nın bir nümunəsi ələ keçirilərək sökülüb və əsasında yeni model yaradılıb. Bu drondan ilk dəfə indiki İran müharibəsində istifadə olunur. Uçuş məsafəsi təxminən 800 km-dir və bir ədədinin qiyməti təxminən 30 min avrodur. Müqayisə üçün deyək ki, bir “Tomahawk” raketi 1 milyon dollardan baha başa gəlir.
Digər məşhur dron isə “MQ-9 Reaper”dir. Bu dron İranda həm kəşfiyyat üçün, həm də hava müdafiəsi mövqelərinə hücumlarda istifadə olunur.” CBS News”un məlumatına görə, İran bu dronlardan 11-ni vura bilib.
Bombardmançı və döyüş təyyarələri
ABŞ-ın istifadə etdiyi bombardmançı və qırıcı təyyarələrə dörd reaktiv mühərrikli B-2 gizli bombardmançısı daxildir; bu, ehtimal ki, dünyanın ən bahalı döyüş təyyarələrindən biridir. Həmçinin səsdən sürətli uçuş qabiliyyətinə malik B-1 bombardmançısı da istifadə olunur. B-1 daha çox bomba daşıya bilir və genişmiqyaslı hava hücumları üçün uyğundur. Xarici görnüşləri də fərqlənir: B-2 yarasa qanadına bənzər formaya malikdir, B-1 isə müxtəlif mövqelərə gətirilə bilən dəyişən bucaqlı qanadlara malikdir.
ABŞ-ın Yaxın Şərqə məsul “US Central Command” komanda dairəsinin məlumatına görə, İranda müxtəlif döyüş təyyarələrindən istifadə olunur: F-16, F/A-18, F-22, F-35 və A-10.
Xüsusi diqqət çəkən təyyarə isə EA-18G-dir. Bu təyyarədən elektron müharibə üçün istifadə olunur. EA-18G müdaxilə cihazları vasitəsilə düşmənin rabitə və radar sistemlərini sıradan çıxarmağa qabildir. Bundan əlavə, hava kəşfiyyatı, erkən xəbərdarlıq, rabitə, təchizat və yanacaq doldurma üçün çoxsaylı təyyarələrdən də istifadə edilir.
Hava müdafiəsi
İran müharibəsində hücumları dəf etmək bacarığı mühüm rol oynayır. ABŞ bu məqsədlə “Patriot” hava müdafiə sistemlərindən istifadə edir; onlar təyyarələri, qanadlı raketləri və ballistik raketləri vurmaq qabiliyyətinə malikdir. Bir batareya təxminən 160 km radiuslu ərazi üzərində müdafiə “qalxanı” yarada bilir.
“Patriot” sistemi PAC-2 və ya PAC-3 raketləri ilə təchiz olunur. Bu sistem və raketlər Ukraynada da çox tələb olunur. İran müharibəsinin başlanması onların mövcudluğunu daha da məhdudlaşdırıb, çünki hücuma məruz qalan Körfəz ölkələri də bu sistemdən istifadə edir. Problem ondadır ki, milyonlarla avro dəyərində olan “Patriot” raketləri İranın kütləvi şəkildə istifadə etdiyi çox ucuz kamikadze dronlarını vurmağa sərf olunur. Bu isə sursat çatışmazlığı problemi yaradır.
Bundan əlavə, ABŞ THAAD (Terminal High-Altitude Area Defense) adlı mobil sistemdən də istifadə edir. Bu sistem qısa və orta mənzilli ballistik raketləri, həmçinin bəzi qitələrarası raketləri məhv etmək üçün nəzərdə tutulub. ABŞ Hərbi Dəniz Qüvvələri isə hava hücumundan müdafiə üçün SM-2 və SM-3 raketlərindən istifadə edir.