Medianews.az
Azərbaycanda bu saytlar süquta uğrayır – Üç resurs bağlandı –
140 baxış

Azərbaycanda bu saytlar süquta uğrayır – Üç resurs bağlandı – Ekspert həyəcan təbili çalır

“Bir zamanlar populyar olan Video.az, Myvideo.az və elmi-texniki əhəmiyyətli "Dilmanc" resurslarının fəaliyyətini dayandırması sadəcə bir neçə saytın bağlanması deyil, milli kontentimizin və rəqəmsal yaddaşımızın itirilməsidir”. Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, bu tip sosial əhəmiyyətli platformaların tənəzzülü Azərbaycanın rəqəmsal mühiti üçün ciddi və bərpası çətin bir itkidir: “Hesab edirik ki, Azərbaycan internet seqmentinin rəqabət həcmi kiçik olduğu üçün strateji layihələrə yalnız biznes subyekti kimi deyil, "milli internet resursları" statusu ilə, sosial məsuliyyət çərçivəsində yanaşılmalıdır”.

E.Abbasovun sözlərinə görə, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası əvvəllər bu sahədəki boşluqları və dəstək ehtiyaclarını aidiyyəti qurumların rəhbərliyinə çatdırsa da, assosiasiyanın irəli sürdüyü təşəbbüslər diqqətdən kənarda qalıb: “Hər nə qədər bu layihələr fərdi və ya biznes təşəbbüsü kimi başlasa da, bazarın məhdudluğu onların qlobal nəhənglərlə təkbaşına rəqabət aparmasını qeyri-mümkün edir. Hətta ABŞ kimi nəhəng bazarlarda belə strateji əhəmiyyətli layihələrə dövlət və ya iri korporativ sektor tərəfindən xüsusi qayğı göstərilir. Bunun ən bariz nümunəsini 44 günlük Vətən müharibəsi zamanı gördük: xarici sosial şəbəkələrə giriş məhdudlaşdıqda yerli və təhlükəsiz platformalara nə dərəcədə ciddi ehtiyac olduğu aydın şəkildə müşahidə olundu”.

E.Abbasov vurğulayıb ki, ekosistemi qorumaq və rəqəmsal suverenliyimizi təmin etmək üçün milli internet layihələrini əhatə edən, sosial yönümlü bir konsorsium yaradılmalıdır.

Onun sözlərinə görə, bu model çərçivəsində:

- ölkənin iri şirkətləri və maraqlı tərəflər bir araya gəlməli;

- strateji əhəmiyyət kəsb edən ən azı 10 mühüm milli layihə seçilməli;

- həmin layihələrin infrastruktur və maliyyə davamlılığı ortaq şəkildə təmin edilməlidir.

E.Abbasov qeyd edib ki, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası sosial və strateji əhəmiyyət daşıyan layihələrin siyahısını təqdim etməyə, müzakirələri modelyasiya etməyə və ölkənin rəqəmsal gələcəyi naminə hər növ əməkdaşlığa hazırdır.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun