Cefri Epşteyn uzun illər Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyib.
Medianews.az xəbər verir ki, bunu ABŞ-nin “Bloomberg” agentliyi yazıb.
Bildirilir ki, 2014-cü ilin oktyabrında Epşteynin e-poçtuna adı ictimaiyyətə açıqlanmayan bir şəxsdən məktub gəlib.
Məktubda Putinin maliyyə bazarları, rəqəmsal valyutalar və derivativlər (törəmə maliyyə alətləri) mövzusunda müzakirəyə maraqlı olduğu vurğulanıb.
“Bloomberg”in yazdığına görə, Epşteyn daha sonra Nyu-Yorkda yerləşən nəhəng investisiya bankı “Qoldman Saks”ın (“Goldman Sachs”) hüquq direktoru işləmiş Keti Rümmlerlə məsləhətləşib və Putinlə görüş niyyətindən daşınıb.
Buna baxmayaraq, sənədlərə görə, Epşteynin Putinlə görüşmək cəhdləri illərlə davam edib. “Bloomberg” bildirir ki, açıqlanan materiallarda bu mövzuya çoxlu istinad var.
Cefri Epşteyn (1953-2019) amerikalı maliyyəçi və investor olub, lakin onun adı dünyada daha çox yetkinlik yaşına çatmayan qızların cinsi istismarı ilə bağlı qalmaqallı cinayət işlərində hallanır.
O, 1970-1980-ci illərdə ABŞ-də investisiya məsləhətçisi kimi fəaliyyət göstərib və varlı müştərilərlə işləyərək böyük sərvət toplayıb. Epşteynin müştəriləri və əlaqədə olduğu insanlar arasında siyasətçilər, iş adamları və digər məşhurlar yer alıb.
2005-ci ildə Epşteyn Floridada yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar ittihamı ilə istintaqa cəlb olunub. 2008-ci ildə prokurorluqla qalmaqallı razılaşma əldə edərək daha ağır federal ittihamlardan yayınıb və 13 ay həbs cəzası alıb. Bu razılaşma ABŞ-də ciddi ictimai narazılıq doğurub.
2019-cu ilin iyulunda o, Nyu-Yorkda yenidən həbs olunub. Epşteynə qarşı insan alveri və yetkinlik yaşına çatmayan qızların cinsi istismarı ilə bağlı federal ittihamlar irəli sürülüb. 10 avqust 2019-cu ildə Manhettendə saxlandığı həbsxanada Epşteynin meyiti tapılıb. Rəsmi versiyaya görə, o, intihar edib. Lakin ölüm şəraiti və həbsxana nəzarəti ilə bağlı çoxsaylı suallar və sui-qəsd iddiaları ictimai müzakirələrə səbəb olub.
2026-cı ilin yanvarında ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” adını almış milyonlarla sənəd, çoxsaylı foto və video materiallar açıqlayıb. “Epşteyn işi” xüsusilə ABŞ-də və Böyük Britaniyada yüksək çinli şəxslərin adlarının hallanması ilə siyasi və ictimai rezonans doğurub.
Epşteynin fəaliyyəti və əlaqələri ilə bağlı istintaq materialları, məhkəmə sənədləri hələ də mərhələli şəkildə açıqlanır və işin tam miqyası barədə müzakirələr davam edir.
Medianews.az