Medianews.az
Elektromobil doğrudanmı sərfəlidir? Aya nə qədər xərc çıxır? –
183 baxış

Elektromobil doğrudanmı sərfəlidir? Aya nə qədər xərc çıxır? – MÜSAHİBƏ

Medianews.az saytı son illər Azərbaycana da idxal olunan, elektrik cərəyanı ilə işləyən avtomobillər, onlara tələbatın səviyyəsi, elektromobillərin nə dərəcədə sərfəli olması və belə avtomobillərlə bağlı digər məsələlərlə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyevdən müsahibə götürüb. Müsahibəni oxucuların diqqətinə çatdırırıq.

- Elektromobillərə ölkəmizdə tələbat hansı səviyyədədir?

- Son iki ildə ölkəmizdə tətbiq olunan gömrük və ƏDV güzəştlərindən sonra elektrik avtomobillərinə maraq artdı. Lakin marağın artmasına baxmayaraq, infrastrukturun inkişafı eyni tempi qoruya bilmədiyindən bir çox insan elektromobil almaq fikrindən daşındı. Bununla belə hazırda Azərbaycanda - istər paytaxtda, istərsə də bölgələrdə elektrik avtomobilləri var. İşğaldan azad edilmiş ərazilərimizə də elektrik avtomobili ilə rahat səyahət etmək olur. Artıq biz elektrik avtomobillərində arxayın şəkildə yola çıxa bilirik. Sadəcə yola çıxarkən həm çox vaxt itirməmək, həm də daha sonra düşüb qapı-qapı şarj məntəqəsi axtaramamaq üçün düzgün planlama lazımdır.

Hazırda elektromobillərin satış dinamikasında ötən illərə nəzərən durğunluq müşahidə olunsa da, bu texnologiya ilə maraqlanan və daha yeni modellərin bazara çıxmasını gözləyən insanların sayı kifayət qədərdir. Sözsüz ki, son iki ildə hibrid və plug-in hibrid avtomobillərə olan maraq elektromobilləri üstələyib. Lakin qeyd etmək lazımdır ki, bu tendensiya ölkəmizə elektromobillərin ilk gəlişi və onlara güzəştlərin tətbiq olunduğu dövrə təsadüf edir. Məhz həmin vaxt infrastruktur zəif olduğu üçün insanlar hibrid modellərə daha çox meyil saldılar.

Bununla belə, hazırda ölkədə yaxşı bir infrastruktur qurulub və o, yerində saymır, durmadan inkişaf edir. İstər özəl sektorun, istərsə də “Azərişıq”ın bu istiqamətdəki addımları sayəsində şəbəkə durmadan genişlənir. Cari satış göstəriciləri hələlik qənaətbəxş olmasa da, gələcəyə böyük ümidlər var.

- Elektrik avtomobilləri həqiqətənmi sərfəlidir, yoxsa bu, sadəcə qlobal bir trendin keçici parıltısıdır?

- Əlbəttə, sərfəlidir. Şəhərdaxili sürəndə bir ay işə gedib-gəlmək xərcinin cəmi 20-25 manat, maksimum 40 manat təşkil etdiyini nəzərə alsaq, elektromobillərin daxiliyanma mühərrikli (benzinli) avtomobillərlə müqayisədə yanacağa 10 dəfəyə qədər qənaət etdiyini açıq-aşkar görmək olar. Sözsüz ki, bu rəqəmlər avtomobilin markasından və modelindən asılı olaraq dəyişə bilər.

- İkinci əl bazarında elektromobillərin qiymətinin ənənəvi avtomobillərə nisbətən daha sürətlə düşdüyü deyilir. Səbəb nədir?

- İkinci əl bazarının formalaşması, təbii ki, müəyyən zaman tələb edir. Hazırda bu bazarda qiymətlər satıcının istədiyi və ziyan etməyəcəyi səviyyədə olmasa da, bu, zamanla həllini tapacaq bir məsələdir.

- Ənənəvi avtomobillə müqayisədə bir elektromobilin illik servis xərci təxminən neçə faiz ucuz başa gəlir?

- Elektrik avtomobilini rəsmi dilerdən əldə etdikdə xüsusi texniki baxış və təmir reqlamenti təqdim olunur. Əgər avtomobilə bu reqlament çərçivəsində vaxtında və düzgün qulluq edilərsə, hər hansı ciddi fəsadın yaranması və ya əlavə təmir xərclərinin çıxması qeyri-mümkündür. Lakin avtomobili qeyri-rəsmi kanallarla, yəni fərdi vasitəçilərdən aldıqda sürücülər plansız şəkildə müxtəlif ustalara müraciət etməli olur və peşəkar olmayan servislərlə qarşılaşırlar. Bu isə istər-istəməz əlavə xərclərə yol açır. Bir sözlə, avtomobil rəsmi istehsalçının Azərbaycan nümayəndəliyindən alındıqda ciddi problemlərlə qarşılaşma riski minimuma enir.

- Batareyaların ömrünü uzatmaq üçün sürücülər nələrə diqqət etməlidirlər və batareyanın qismən təmiri mümkündürmü, yoxsa problem yarananda bütöv şəkildə dəyişilməlidir?

- Rəsmi dilerlər elektrik avtomobilini satanda batareyanın daha uzunömürlü olması üçün sürücüyə xüsusi təlimatlar və qulluq qaydaları təqdim edirlər. Burada batareyanın hansı faiz aralığında şarja qoyulması və nə vaxt çıxarılması ilə bağlı vacib göstərişlər yer alır. Reallıq ondan ibarətdir ki, hava şəraitindən (yay-qış rejimlərindən) və sürücünün idarəetmə dinamikasından asılı olaraq, avtomobil istehsalçının bəyan etdiyi yürüş məsafəsindən (məsələn, 500 km) daha az yol qət edə bilər ki, bu da tamamilə normal haldır.

- Elektromobillərin ölkəmizə idxalında tətbiq olunan gömrük və vergi güzəştləri alıcıların fərdi büdcəsinə qənaəti baxımından nə dərəcədə münasibdir?

- Ölkəmizdə ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlər və stimullaşdırıcı tədbirlər əhalinin bu növ avtomobilləri əldə etməsində və ölkənin avtoparkının yenilənməsində mühüm rol oynayır. Bu isə çox müsbət bir tendensiyadır. Hətta taksi parkımızın böyük hissəsi məhz hibrid avtomobillər hesabına yenilənib. Dövlətin atdığı bu addım büdcə daxilolmalarının müəyyən qədər azalması bahasına başa gəlsə də, tətbiq olunan çoxillik güzəştlər sayəsində insanlar yeni avtomobillər gətirə bilirlər. Nəticədə hətta azbüdcəli ailələr belə müasir, innovativ və ekoloji təmiz avtomobillərdən faydalanmaq imkanı qazanırlar.

Nailə Qasımova,
Medianews.az

 

Bizə qoşulun