ABŞ-nin Nyu-Meksiko ştatında ayı elektrik dirəyinə dırmaşıb.
Medianews.az xəbər verir ki, onu xilas etmək mümkün olmayıb və sonda elektrik cərəyanı vurması nəticəsində ölüb.
Yoldan keçən sürücü elektrik və telefon dirəyinin ən yuxarı hissəsində böyük ayının ilişib qaldığını görərək həmin anları mobil telefonla lentə alıb. Görüntülər qısa müddətdə sosial şəbəkələrdə və xarici mediada geniş yayılıb.
Qadın əvvəlcə ayının öldüyünü düşünsə də, onun hərəkət etdiyini görəndən sonra 911 təcili yardım xidmətinə məlumat verib.
Videoda ayının elektrik xətlərinin dərhal altında yerləşən taxta dirəyin traversindən möhkəm yapışaraq hündürlükdə tarazlığını qorumağa çalışdığı görünür.
911 operatoru sürücüyə ərazidən uzaqlaşmağı tövsiyə edib və aidiyyəti qurumların artıq məlumatlandırıldığını bildirib. Rəsmilər ayını sakitləşdirici iynə ilə vurmağın təhlükəli olduğunu, heyvanın yüksəkdən yıxılaraq ağır xəsarət ala biləcəyini əsas gətirərək xilasetmə əməliyyatının mümkün olmadığını açıqlayıblar.
Xarici KİV-in məlumatına görə, təhlükəsiz xilasetmə təşkil olunana qədər dirəkdə qalan ayı elektrik naqillərinə toxunaraq cərəyan vurması nəticəsində ölüb.
Vəhşi təbiət üzrə mütəxəssislər bildirirlər ki, ayılar bəzən avtomobillərin səsi, insanlar və ya itlərdən qorxduqları zaman təhlükədən yayınmaq üçün elektrik dirəklərinə ağac kimi dırmaşa bilirlər.