ABŞ-də Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) apardığı araşdırmaya əsasən, su tərəsi dünyanın ən qidalandırıcı yaşıl tərəvəzi seçilib.
Medianews.az xəbər verir ki, 47 meyvə və tərəvəzin vitamin-mineral dəyərinin müqayisə olunduğu araşdırmada su tərəsi 100 baldan 100 bal alaraq ilk sıraya çıxıb. O, yüksək qida dəyəri və aşağı kalorisi ilə diqqət çəkir.
Su tərəsi C və K vitaminləri, antioksidantlar və minerallarla zəngindir. Bu tərkib immun sistemini gücləndirir, ürək-damar sağlamlığını dəstəkləyir, sümükləri möhkəmləndirir və göz sağlamlığına müsbət təsir göstərir. Həmçinin sərbəst radikallara qarşı hüceyrələri qorumağa kömək edir.
Adətən təbii su mənbələri yaxınlığında yetişir və istifadə etməzdən əvvəl yaxşı yuyulması tövsiyə olunur. Mütəxəssislər onu ən faydalı şəkildə çiy halda, salatlarda, sendviçlərdə və müxtəlif yeməklərin yanında istifadə etməyi məsləhət görür.
Medianews.az