Dünya geoid formasında olduğu halda niyə şəkillərdə demək olar ki, qüsursuz kürə kimi görünür?
Bir neçə gün əvvəl “Artemis II” astronavtlarının çəkdiyi fotolar yayımlandı. Bu görüntülərdə dünya demək olar ki, mükəmməl kürə kimi görünür.
Amma dünya geoid formadadırsa, niyə bu xüsusiyyət fotolarda əksini tapmır?
Şəkillərdə kürə kimi görünməsi dünyanın tam kürə olduğu anlamına gəlirmi?
Əslində yox. Bu, geoid ilə kürə arasındakı fərqin çox kiçik olmasından irəli gəlir.

Dünya qütblərdən bir qədər basıqdır. Lakin bu basıqlıq düşündüyümüz qədər böyük deyil. Ekvator diametri təxminən 12.756 km, qütb diametri isə 12.714 km-dir. Aradakı fərq cəmi 42 km-dir.
Bu qədər böyük ölçülü bir planet üçün 42 km ümumi ölçüdə çox kiçik, təxminən 0.3% fərq deməkdir.
Bunu belə təsəvvür etmək olar: bir futbol topunun üzərinə bir saç teli qoysanız, onun hamar görünüşü nə qədər dəyişərsə, dünya da kosmosdan o qədər fərqli görünər. Yəni gözümüz bu qədər kiçik fərqi ayırd edə bilmir.
Buna görə də kosmosdan baxanda dünya demək olar ki, ideal kürə kimi görünür.
İnsan gözünün bu qədər kiçik fərqi minlərlə kilometr uzaqdan çəkilmiş fotoda ayırd etməsi fiziki cəhətdən mümkün deyil. Hətta dünya bilyard topu ölçüsündə olsaydı, Himalay dağı və ya Mariana çökəkliyi belə hiss olunmayacaq qədər kiçik olardı.
Fotolar saxta deyil. Sadəcə, reallığın özü bizim gözümüzə dünyanı kürə kimi göstərir. Yəni “dünya geoiddir” demək, onun vizual olaraq kürə kimi görünməsinə zidd deyil.
Şahbaz Mirzəyev