Aralıq dənizində hərəkətdə olan "Safir Şahzadə" kruiz gəmisinin heyəti dənizdə görünən xilasedici jiletlərdən sonra həyəcan siqnalı verib. Başlanan axtarış əməliyyatı zamanı 3 saat ərzində 5 nəfərin meyiti sudan çıxarılıb.
Medianews.az xəbər verir ki, hadisə 21 aprel axşam saatlarında qeydə alınıb.
Heyət əvvəlcə suda narıncı cisim görüb, bunun xilasedici jilet olduğu müəyyən edildikdən sonra gəmi istiqamətini dəyişərək hadisə yerinə yönəlib. Qısa müddətdə ilk meyit aşkarlanıb, daha sonra əməliyyat genişləndirilib.
Məlumata görə, təxminən 3 saat davam edən axtarış nəticəsində ümumilikdə 5 nəfərin cansız bədəni tapılıb. Gəmi kapitanı əməliyyatın başa çatdığını bildirib.
Hadisə şahidlərindən biri baş verənləri “çox sarsıdıcı” adlandıraraq, sərnişinlərin şok keçirdiyini deyib.
İlkin ehtimallara görə, meyitlərin qeyri-qanuni miqrantlara aid olduğu düşünülür. Hadisə zamanı gəmi İspaniya ilə Şimali Afrika arasında olub və növbəti gün Kartaxena limanına yan alıb.
Medianews.az