Türkiyənin Kocaeli vilayətinin Darıca rayonunda 18 yaşlı Ece Naz Macit dostları ilə birlikdə olduğu evdə başından güllə yarası alaraq həyatını itirib.
Medianews.az xəbər verir ki, hadisə ilə bağlı saxlanılan üç nəfər məhkəmənin qərarı ilə həbs edilib.
Məlumata görə, hadisə iyunun 29-da Darıca rayonunun Sırasöğütlər məhəlləsində baş verib. İddialara əsasən, Ece Naz Macit dostları ilə görüşmək üçün getdiyi evdə olarkən naməlum səbəbdən silahdan atəş açılıb. Açılan atəş nəticəsində gənc qız baş nahiyəsindən ağır yaralanıb.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralını xəstəxanaya çatdırsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Gənc qızın cənazəsi ekspertizadan sonra doğulduğu Samsun şəhərində torpağa tapşırılıb.
Hadisədən sonra evdə olan 19 yaşlı S.C.G., Y.O. və 17 yaşlı A.A. polis tərəfindən saxlanılıb. İstintaq zamanı şübhəlilərin silahdan kimin atəş açması ilə bağlı bir-birini günahlandırdığı və ziddiyyətli ifadələr verdiyi bildirilib.
Polisdə aparılan istintaq hərəkətlərindən sonra məhkəməyə çıxarılan hər üç şübhəli barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma davam etdirilir.
Medianews.az