“Fransa sön dövrlər Cənubu Qafqaz və Türkiyə ətrafındakı bölgələrdə təkcə diplomatik deyil, həm də praktiki fəallığını artırır”. Siyasi təhlilçi Qulamhüseyn Əlibəyli Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, Ermənistanla və yunan Kipri ilə strateji müttəfiqlik və hərbi əməkdaşlıq haqqında sazişlərin bağlanması, Cənubi Kiprdə "humanitar missiyalar" adı altında Fransa hərbi kontingentinin yerləşdirilməsinə dair yeni sazişin imzalanmasına hazırlıq bunu bir daha təsdiq edir:
“Bu sazişlərin imzalanmasında əsas məqsəd bir tərəfdən Fransanın Cənubu Qafqaz və Türkiyə ətrafı bölgələri hərbi cəhətdən öz əhatə dairəsi altına almaqdır, bir növ Türkiyə ətrafındakı çənbəri daraltmaqdır. Türkiyənin Cənubi Qafqazda söz sahibi olması, Avropanın enerji təchizatında və təhlükəsizlik arxitekturasında əhəmiyyətli rol oynaması Fransanı və Makronu ciddi narahat edir.
Görünən odur ki, Fransa bir tərəfdən Ermənistanı silahlandırmaq, digər tərəfdən də Kiprin yunan kəsimi ilə hərbi əməkdaşlığı gücləndirməklə onları Türkiyəyə qarşı qoymağa çalışır. Bu fonda Cənubi Kiprdə Fransa hərbi kontingentinin yerləşdirilməsi ideyası, ola bilsin, gələcəkdə bölgədə Türkiyəyə qarşı hansısa təxribatlara hazırlığın başlanğıcı hesab oluna bilər.
Lakin Fransanın Cənubi Kiprdə hərbi kontingentini yerləşdirməsi mümkün olsa da, onun bundan təxribat kimi yararlanması nəticə verməyəcək. Belə edərsə, Paris sözsüz ki, layiqli cavabını alacaq. Türkiyə ilə zarafat etmək olmaz. Fransa Türkiyədən fərqli olaraq NATO-nun hərbi blokunda təmsil olunmur. Türkiyə təşkilatda hərbi cəhətdən ikinci güclü dövlətdir. Hazırda Avropanın özü də təhlükəsizlik məsələsində daha çox Ankaraya etibar edir, nəinki Parisə. Eyni zamanda Fransanın bu addımı cavabsız qalmamalıdır. Cavab olaraq Türkiyə çəkindirici addım kimi Cənubi Qafqazda və Şimali Kipr Türk Cümhuriyyətində özünün hərbi kontingentini gücləndirməlidir”.
Nailə Qasımova,
Medianews.az