Tərəvəzlər sağlam qidalanmanın vacib hissəsi sayılsa da, onların tərkibində təbii şəkildə nitratlar da mövcud olur. Mütəxəssislər bildirirlər ki, nitratların özü birbaşa təhlükəli hesab edilmir, lakin müəyyən şəraitdə nitritlərə çevrildikdə sağlamlıq üçün risk yarada bilər.
Medianews.az Foodinfo.az-a istinadən xəbər verir ki, tərəvəzlərdə nitratın miqdarı onların növündən, yetişdirilmə şəraitindən və istifadə olunan gübrələrdən asılı olaraq dəyişir. Təhlükəsiz hesab olunan göstərici 10-80 milliqram arasında dəyişir, 300-600 milliqram orta səviyyə, 600-5000 milliqram isə yüksək göstərici sayılır.
Ən yüksək nitrat miqdarı ispanaq, yarpaqlı kələm, yaşıl soğan, turp, şüyüd, kahı və çuğundurda müşahidə olunur. Həmçinin qarpız və yemişdə nitratlar əsasən qabığa yaxın hissədə toplanır. Gənc göyərtilərdə isə bu maddələr daha çox saplaq hissəsində cəmləşir. Buna görə də həmin hissələrin həddindən artıq istifadəsindən çəkinmək tövsiyə edilir.
Mütəxəssislərin sözlərinə görə, kartof, sarımsaq, baş soğan, lobya, noxud, turşəng, bibər və pomidor nitratın daha az toplandığı məhsullar sırasındadır. Pomidor və bibərdə nitratlar əsasən meyvənin orta hissəsində, kartofda isə daha çox qabığında olur. Tərəvəzlərin mövsümündə alınması, yaxşı yuyulması və düzgün saxlanılması nitratların mümkün təsirini azaltmağa kömək edən əsas amillərdən hesab olunur.