Bu gün "Qarabağ" futbol klubu Almaniyanın "Ayntraxt Frankfurt" klubu ilə tarixi bir oyuna çıxır. "Qarabağ" üçün bu, ölüm-dirim oyunudur.
Oyun öncəsi oxuduğum rəylərə əsasən deyə bilərəm ki, küskün, incimiş, həvəsdən düşmüş çoxlu azarkeş var. Söhbət futboldan gedirsə, bunu tamamilə normal qəbul etmək lazımdır. Ara-sıra mən də əsəbdən belə şeylər yazıram.
Axşam hava çox soyuq olacaq. Oyun isə olduqca çətindir. Hər oyunun öz hekayəsi var. Məsələn, heç kəs "Qarabağ"ın "Ayaks"a uduzacağını gözləmirdi. Eyni şeyi dünən "Vilyarreal"dan da heç kim gözləmirdi. Amma yarımcan "Ayaks" səfərdə İspaniya 3-cüsünü məğlub edə bildi.
Yəni Çempionlar Liqasının bu formatında hər oyunun öz hekayəsi var. Hansısa komanda mütləq favorit sayılmır.
Mən yenə düşünürəm ki, "Qarabağ"dan gözlənti və ümidin az olduğu bu axşam, əksinə, fantastik bir oyun izləyəcəyik. Komanda yenə şirə dönüb almanları evə əliboş göndərəcək.
Doğrudur, son oyundan sonra bunu etmək böyük cəsarət tələb edir, amma biz "Qarabağ"dan hər şey gözləməliyik. Odur ki, axşam stadionda minlərlə azarkeşlə bərabər komandanı dəstəkləyəcəm. Hava şəraiti və tıxacdan asılı olmayaraq stadionda erkən görüşək. Papaq, şərf və isti geyimlə gəlin.
Ümid edirəm, "Qarabağ" qələbə qazanacaq və mən acı qəhvəmdən qurtumlayaraq bundan öncə Qurban Qurbanovu asıb-kəsən azarkeşlərin "heykəli qoyulsun" rəylərini oxuyacam.
Fərid Pərdəşünas,
bloqçu