Medianews.az
Biz bu kəndi Ermənistana verməliyikmi? –
1,341 baxış

Biz bu kəndi Ermənistana verməliyikmi? – AÇIQLAMA

Sülh bağlamağa qərar vermiş Azərbaycanla Ermənistan arasında həlli vacib məsələlərdən biri dövlət sərhədlərinin müəyyənləşdirilməsidir.

Avqustun 8-də iki ölkənin xarici işlər nazirləri Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair sazişin mətnini paraflayıblar. Paraflanmış sazişə görə, tərəflər 1991-ci ildə dağılmış Sovet İttifaqının respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlikdə bu şəkildə tanındığını təsdiq edir, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır.

Deməli, Azərbaycanla Ermənistan sovet dövründə müəyyənləşmiş sərhədi bir-birinin qanuni ərazisi kimi tanımaq barədə razılaşır.

Sovet dövründə müəyyənləşmiş, sözügedən saziş mətnində qeyd olunduğu kimi, beynəlxalq birliyin də tanıdığı sərhədlərlə götürəndə Azərbaycanın 4 kəndi (Sədərək rayonunun Kərki, Qazax rayonunun Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri) Ermənistanın nəzarətindədir. Gədəbəy rayonunun Başkənd kəndi isə sovet dövründə Ermənistan ərazisinə aid olub. Yəni sovet dövrünün sərhədləri ilə götürəndə Ermənistanın 1 kəndi Azərbaycanın nəzarətindədir.

Kərki, Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndlərinin hamısı Ermənistan ərazisi ilə, Başkənd kəndi isə Azərbaycan ərazisi ilə əhatə olunub.

Paraflanmış sülh sazişində qeyd olunur ki, tərəflər dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında sazişin bağlanması məqsədilə müvafiq sərhəd komissiyaları arasında vicdanla danışıqlar aparacaqlar.

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin dəqiqləşdirilməsi üzrə komissiyalara baş nazirin müavinləri Şahin Mustafayev və Mger Qriqoryan rəhbərlik edirlər.

Sərhədlərin delimitasiyası və demarkasiyası necə aparılacaq? Kərki, Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndlərinin Azərbaycana qaytarılması müqabilində Azərbaycan Başkənd kəndini Ermənistana qaytaracaqmı?

Anklav kəndlərdən qarşılıqlı imtina, yəni ərazi mübadiləsi mümkündürmü?

Medianews.az-ın suallarını cavablandıran Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin müdiri Əziz Əlibəyli öncə qeyd edib ki, hazırda Ermənistanın işğalı altında qalan Kərki, Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləri Azərbaycanın qanuni, əzəli torpağı olmaqla bərabər, həm də strateji əhəmiyyətə malik kəndlərdir: “İrandan Ermənistana gedən mərkəzi, strateji yol Sədərək rayonunun Kərki kəndi tərəfdən keçir. Kərki geri qaytarılandan sonra Azərbaycan bu yola nəzarət imkanı qazanacaq. Qazax rayonunun Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləri isə Ermənistan-Gürcüstan yolunu nəzarətdə saxlamağa imkan verir. Yəni sözügedən dörd kəndimiz geri qaytarılandan sonra Ermənistanın iki əsas strateji nöqtəsi Azərbaycanın nəzarətinə keçəcək. Bu baxımdan həmin kəndlərin Azərbaycana qaytarılması həm ərazi bütövlüyümüzün tam bərpası, həm də strateji baxımdan bizim üçün çox mühüm məsələdir. Ermənistan prinsipcə sərhədlərin delimitasiya, demarkasiyası prosesinin gedişində dörd kəndin azad edilməsinə razılaşıb.

Amma soruşsanız ki, bunun müqabilində biz Başkəndi Ermənistana verməliyikmi? Əsla! Azərbaycan bu məsələdə güzəştə gedə bilməz. Əgər Ermənistan tərəfi, o cümlədən baş nazir Nikol Paşinyan Başkəndin Ermənistana verilməsi (qaytarılması yox, məhz verilməsi) məsələsini gündəmə gətirərsə, bunun aktuallığını saxlamağa çalışarsa, onda Azərbaycan da müvafiq olaraq danışıqların gedişində irəli sürdüyü bəzi məsələlərə baxa bilər. Söhbət, tutalım, müharibə cinayətləri ilə bağlı iddialardan, beynəlxalq məhkəmələrdəki işlərdən və başqa bu kimi məsələlərdən gedir”.

Ə.Əlibəylinin sözlərinə görə, Ermənistan üzərində təzyiq o qədər güclüdür ki, ona bərabərhüquqlu bir dövlət kimi yanaşılması mümkün deyil: “Eyni zamanda, avqustun 8-də xarici işlər nazirlərinin parafladığı sazişin mətnindən də görmək mümkündür ki, əsaslı sülhün əldə olunması üçün hələ müzakirə, yəqin ki, həm də mübahisə mövzusu olacaq məsələlər var və onlar həllini tapmalıdır. Amma bu, Başkəndin ermənilərə verilməsi müqabilində ola bilməz, Azərbaycan belə bir güzəştdən qazanclı çıxa bilməz. Azərbaycan qalib ölkədir. Gədəbəy rayonunun Başkənd kəndinin Ermənistana verilməsi nəinki Gədəbəyin, Tovuzun, Şəmkirin, faktiki Gəncəyə qədərki ərazilərin strateji baxımdan ermənilərin nəzarətinə keçməsi demək olardı. Bu, strategiya, kommunikasiya savaşı aparan Prezident İlham Əliyev üçün heç bir vaxt keçərli şərt ola bilməz. Çünki cənab Prezidentin hazırkı mübarizəsinin əsas mahiyyəti məhz strategiya, kommunikasiya savaşında qalib mövqedə qalmaq, bu mövqeləri daha da möhkəmləndirməkdir”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun