Beyin sağlamlığının qorunması və yaddaş zəifləməsinin qarşısının alınması üçün düzgün qidalanma getdikcə daha çox önəm qazanır. Mütəxəssislər bildirirlər ki, gündəlik rasionda müəyyən qidaların yer alması beyin hüceyrələrinin qorunmasına və zehni funksiyaların güclənməsinə kömək edir.
Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, alimlər demensiya riskini azalda bilən və yaddaşı dəstəkləyən məhsullar əsasında xüsusi qidalanma modeli hazırlayıblar.
Məlumata görə, son illər demensiya yalnız yaşlılarda deyil, daha gənc insanlarda da müşahidə olunmağa başlayıb. Xüsusilə Altsheymer xəstəliyi zamanı beyində neyronların tədricən sıradan çıxması və yaddaşla bağlı problemlər yaranır. Araşdırmalar göstərir ki, bu prosesdə mühüm rol oynayan maddələrdən biri asetilxolin çatışmazlığıdır.
Alimlərin fikrincə, qidalanma vasitəsilə beyin fəaliyyətini qorumaq və bu riskləri azaltmaq mümkündür. Bunun üçün gündəlik menyuda müxtəlif rəngli meyvə-tərəvəzlər, yağlı balıq, paxlalılar, yarpaqlı göyərtilər, zeytun yağı və qoz-fındıq mütləq yer almalıdır. Eyni zamanda şəkər, hazır kolbasa məmulatları, qazlı içkilər və sürətli yeməklər beyin üçün zərərli hesab olunur.
Səhər yeməyində bolqar bibəri, ispanaq və pomidorla hazırlanan yumurta yeməyi tövsiyə edilir. Bu yeməyə zərdəçal və ya zəfəran əlavə etmək həm dadı artırır, həm də beyin üçün faydalı təsir göstərir. İçki olaraq şəkərsiz qara qəhvə seçilə bilər.
Günorta yeməyində yağlı balıq əsas seçim olmalıdır. Onun yanında paxlalılar, tərəvəzlər və tam taxıllı çörək istifadə etmək məsləhət görülür. Həmçinin alma, üzüm, qoz, kərəviz və yarpaqlı göyərtidən hazırlanan yüngül salat da menyuya əlavə oluna bilər.
Axşam yeməyi üçün tərəvəz əsaslı köri ideal sayılır. Kabaçki, kələm, brokkoli, kök, noxud və pomidorla hazırlanan bu yemək həm doyumludur, həm də beyinə faydalıdır. Ədviyyat kimi darçın və zəncəfil istifadə etmək, yanında isə qəhvəyi düyü seçmək tövsiyə olunur.
Mütəxəssislər vurğulayırlar ki, bu cür balanslı qidalanma uzun müddətdə yaddaşın qorunmasına və beyin sağlamlığının möhkəmlənməsinə ciddi töhfə verə bilər.