Medianews.az
BƏƏ-nin OPEC-dən çıxması neft bazarında nəyi dəyişəcək?
86 baxış

BƏƏ-nin OPEC-dən çıxması neft bazarında nəyi dəyişəcək?

“Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən çıxmasını qlobal neft bazarı üçün nəzərə çarpan, lakin kritik olmayan hadisə kimi qiymətləndirmək olar”. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, BƏƏ artıq əhəmiyyətli ehtiyat hasilat gücünə malikdir və nəzəri olaraq kvota sistemindən kənarda daha sürətlə hasilatı artıra bilər: “Lakin ixracın real artırılması potensialı həm yataqların texniki xüsusiyyətləri, həm də resursların uzunmüddətli idarəetmə strategiyası ilə məhdudlaşır. Əsas məsələ hasilatı artırmaq imkanından çox bunun nə dərəcədə məqsədəuyğun olmasıdır.

BƏƏ ənənəvi olaraq qiymət müharibəsindən daha çox gəlirlərin optimallaşdırılmasına yönəlmiş balanslı siyasət yürüdür.

BƏƏ tərəfindən təklifin artırılması çox qısa müddətdə neft qiymətlərinə təzyiq göstərə bilər, lakin digər iri istehsalçıların dəstəyi olmadan bu təsirin davamlı olması mümkün deyil.

Bundan əlavə nəzərə almaq lazımdır ki, BƏƏ-nin bazara çıxartmaq istədiyi əlavə neft həcmləri (nəzəri baxımdan 1 milyon barrel, praktik olaraq bunun yarısı qədər) gündə 100 milyon barreli aşan qlobal tələbat fonunda həlledici deyil.

Beləliklə, OPEC-dən çıxış qiymətlərin kəskin enməsi üçün alətə çevrilməyəcək.

Bu addım daha çox BƏƏ-nin enerji siyasətində çevikliyini və bazardakı danışıqlar mövqelərini gücləndirəcək.

Uzunmüddətli perspektivdə isə BƏƏ bazar payının artırılması ilə rahat qiymət səviyyəsinin qorunması arasında balans axtaracaq”.

BƏƏ-nin OPEC-dən çıxmaq qərarının səbəbinə gəlincə, İlham Şaban qeyd edib ki, burada siyasi-iqtisadi faktorlar var: “Birincisi, BƏƏ ilə OPEC-də “birinci skripka” rolunda çıxış edən Səudiyyə Ərəbistanı arasında siyasi gərginlik var və Əbu-Dabi öz siyasətini Ər-Riyadın arzusuna uyğun uzlaşdırmağa meylli deyil. İkincisi, builki İran müharibəsi BƏƏ iqtisadiyyatına kifayət qədər ziyan vurub, ona görə də Əbu-Dabi ziyanı qarşılamaq üçün özünü OPEC kvotaları ilə limitləməyə hansısa əsas görmür”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun