"Bananlar zəngin vitamin və minerallar tərkibi ilə sağlam qidalanmanın əsas hissələrindən biridir. Amma bəzi ölkələrdə banan idxalına qadağalar qoyulması, xüsusilə xərçənglə bağlı narahatlıqlar səbəbindən müzakirə olunur".
Medianews.az xəbər verir ki, bu sözləri Milli.Az-a açıqlamasında qida eksperti Asim Vəliyev deyib.
Onun sözlərinə görə, banan seçərkən diqqət etməli olduğumuz bir neçə əsas məqam var. Bananın qabığı sarı və parlaq olmalıdır. Əgər qabığı qəhvəyi və ya çox quru görünsə, deməli o artıq çox yetişmiş, ya da zədələnmiş ola bilər. Çox olğunlaşmış bananlar əsasən dad və keyfiyyət baxımından əvvəlki kimi olmur:
"Bananın kök hissəsi yaşıl, ya sərt olmamalıdır. Bu hal bananın hələ tam yetişmədiyini göstərə bilər. Ən yaxşısı kök hissəsinin yumşaq və təbii şəkildə qəhvəyi olmasıdır. Bananda açıq zədələr və qəhvəyi ləkələr olmamalıdır. Bu onun keyfiyyətinin pozulması, saxlanma şəraitinin yaxşı olmaması ilə əlaqədar ola bilər".
Ekspert qeyd edib ki, yaxşı yetişmiş banan təzə və şirin qoxusuyla tanınır. Qoxusu olmayan, ya da kif qoxusu gələn bananlardan çəkinmək lazımdır.
Nəzərə çatdırıb ki, bananı evə gətirdikdən sonra onları otaq temperaturunda saxlamaq ən yaxşıdır. Soyuducuda saxlanılan bananlar dadını və teksturasını itirə bilər.
A.Vəliyev əlavə edib ki, bəzi ölkələrdə bananların tərkibindəki maddələrin xərçəngə səbəb ola biləcəyinə dair narahatlıqlar var. Narahatlıqların başında epixlorohidrin adlı maddənin olması durur. Bildirib ki, bu maddə bəzi bananların tədarükü zamanı istifadə edilən pestisidlərin tərkib hissəsidir.
"Qida zəhərlənmələrinə səbəb ola bilər. Ancaq bu maddə çox kiçik miqdarda olur. Çox miqdarda istehlak etməmək məsləhətdir. Bununla yanaşı bananlar tərkibindəki pestisidlər ilə bağlı narahatlıqlar yarada bilər. Bu səbəbdən, orqanik banan seçmək daha sağlam bir seçimdir".