Türkiyənin Bursa şəhərinin Mudanya rayonunda baş verən faciəli hadisədə 27 yaşlı Furkan Alan qəzaya düşən sürücüyə kömək etmək istəyərkən yüksək gərginlikli elektrik xəttinə toxunaraq həyatını itirib.
Medianews.az xəbər verir ki, hadisə Çepni məhəlləsinin Düzbağlar ərazisində qeydə alınıb.
Məlumata görə, 29 yaşlı Onur Uslunun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən dirək aşıb və yüksək gərginlikli elektrik xətti yerə düşüb.
Bu zaman hadisə yerindən keçən Furkan Alan avtomobilini saxlayaraq yaralı sürücüyə kömək etmək istəyib. O, eyni zamanda 112 Təcili Yardım xidmətinə zəng edərək qəza barədə məlumat verib. Lakin hadisə zamanı yerə düşmüş yüksək gərginlikli elektrik naqilinin üzərinə ayaq basdığı üçün onu elektrik cərəyanı vurub.
Hadisə yerinə gələn tibb işçiləri Furkan Alanın həyatını itirdiyini müəyyən ediblər. Yaralanan sürücü Onur Uslu isə ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb və müalicəyə götürülüb.
Araşdırma zamanı məlum olub ki, Furkan Alan ötən həftə ailə həyatı qurub, həyat yoldaşı ilə bal ayından bir gün əvvəl qayıdıb. Hadisə baş verən vaxt isə iş ortağı olan qardaşını götürmək üçün yolda imiş.
Prokurorluq və hüquq-mühafizə orqanları faktla bağlı araşdırmanı davam etdirir. Furkan Alanın cənazəsi Bursanın Osmangazi rayonunda keçirilən dəfn mərasimindən sonra Hasköy Şəhər Qəbiristanlığında torpağa tapşırılıb.
Medianews.az