Erməni kriminal aləminin tanınmış simalarından biri, “qanuni oğru” kimi tanınan Eduard Aroyan vəfat edib. O, kriminal dairələrdə daha çox “Şurik Yerevanski” ləqəbi ilə məşhur olub. Medianews.az Musavat.com-a istinadən xəbər verir ki, o, İrəvan şəhərində 75 yaşında dünyasını dəyişib. “Şurik Yerəvanski” 1974-cü ildə sovet dövrünün nüfuzlu erməni “qanuni oğrularından” biri sayılan Babken Eqoyan tərəfindən “taclandırılıb”. Babken Eqoyan vaxtilə SSRİ-də məşhur “Satqınlar müharibəsi”nin iştirakçılarından olub və Kolıma düşərgələrində ciddi nüfuz qazanıb.

“Satqınlar müharibəsi” (“сучья война”) SSRİ həbsxana və düşərgələrində 1940-cı illərin sonu, 1950-ci illərin ortalarınadək davam edən, kriminal aləmin daxilində baş vermiş ən qanlı qarşıdurmalardan biri hesab olunur. Bu münaqişə “qanuni oğrular”la onlara qarşı çıxan məhbus qrupları arasında gedib. Münaqişənin kökü İkinci Dünya Müharibəsi dövrünə gedib çıxır. Müharibə illərində bir sıra kriminal avtoritetlər cəbhəyə göndərilir və ya müxtəlif formalarda sovet hakimiyyəti ilə əməkdaşlığa məcbur qalır. Müharibədən sonra düşərgələrə qayıdan bu şəxslər klassik kriminal “qanunlara” sadiq qalanlar tərəfindən satqın, xəyanətkar kimi damğalanır. Bunun nəticəsində düşərgələrdə açıq və amansız qarşıdurma başlayır. “Qanuni oğrular” dövlətlə hər cür əməkdaşlığı rədd edən qrup kimi çıxış edir, qarşı tərəf isə düşərgə rəhbərliyi ilə əməkdaşlıq edən və ya buna məcbur qalan məhbuslardan ibarət olur. Qarşıdurma təkcə ideoloji deyil, həm də nəzarət və nüfuz uğrunda mübarizə xarakteri daşıyıb.
Müharibə illərində və sonrasında düşərgələr faktiki olaraq iki hissəyə bölünmüşdü. “Qara zonalar” kriminal qaydaların hökm sürdüyü ərazilər idi. “Qırmızı zonalar” isə türmə idarəsi ilə əməkdaşlıq edənlərin üstünlük təşkil etdiyi yerlər hesab olunurdu. Bu bölgü isə zorakılığı daha da alovlandırırdı. Araşdırmaçıların qənaətinə görə, bu qarşıdurma minlərlə məhbusun ölümü ilə nəticələnib. Bəzi mənbələrdə düşərgə rəhbərliyinin bu münaqişəni nəzarətdə saxlamaq və məhbuslar üzərində təsir imkanlarını artırmaq üçün bilərəkdən dərinləşdirdiyi də qeyd olunur. “Satqınlar müharibəsi”nin nəticəsi olaraq sovet kriminal aləmi ciddi parçalanmaya məruz qalıb və “qanuni oğru” institutunun əvvəlki sərt və dəyişməz qaydaları tədricən zəifləməyə başlayıb. Bu proses sonradan postsovet məkanında kriminal iyerarxiyanın formalaşmasına birbaşa təsir göstərdi. Şurik Yerevanski uzun illər sovet kriminal iyerarxiyasında fəaliyyət göstərsə də, 1992-ci ildə onun “qanuni oğru” statusu əlindən alınıb. Bu qərarı isə postsovet məkanında tanınmış fiqurlardan biri olan “Rudik Bakinski” kimi tanınan Rudolf Oqanov verib. Məlumatlara görə, kriminal aləmdə ciddi nüfuza malik olan Oqanov sonradan sifarişli qətlin qurbanı olub. Onun adı uzun illər müxtəlif kriminal münaqişələrdə, o cümlədən “Ded Xasan” kimi tanınan kriminal avtoritetlə qarşıdurmada hallanıb.