Gələn ayın sonlarından etibarən sonuncu kurs tələbələri universitetlərdən məzun olur, digərləri isə iki aylıq tətilə çıxırlar. Bölgələrdən Bakıya gələn tələbələrin yayda evlərinə qayıtması isə bəzi kirayə evlərin boşalmasına gətirib, çıxarır.
Bəs görəsən, bu səbəb kirayə mənzillərin qiymətinin enməsinə səbəb olacaqmı? Yayda daha ucuz mənzil tapmaq mümkündür?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Sədri Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, kirayə mənzillərin qiyməti enməyəcək, əksinə 15%-ə qədər artacaq:
“Hər il iyun-iyul aylarında kirayə mənzillərin boşalması prosesi başlayır. Lakin daha ucuz ev tapa bilməyəcəklərini düşünən bəzi tələbələr 3 ay müddətində kirayə mənzillərini özlərində saxlayırlar.
Bununla yanaşı tələbələr tərəfindən tutulan kirayə mənzil hissəsi bazarda böyük paya malik deyil. Onlar, hətta boşalanda belə, kirayə qiymətlərinə ciddi təsir göstərmir. Evini kirayəyə verən bəzi adamlar bazarın strukturuna bələd olduqları üçün mənzili yayda kiməsə ucuz verib, tədris ili başlayanda bahalaşan kirayə haqlarından özlərini məhrum etmirlər.
Avqustun sonlarından başlayaraq 50 mindən çox abituriyent tələbə adını qazanır. Onların əksəriyyəti də bölgələrdən Bakıya gəlirlər. Təxmini iki-üç aylıq tətil dövründə ciddi qiymət enməsinin olacağını düşünmürəm. Çünki kirayə mənzilin müştəriləri təkcə tələbələr yox, həm də urbanizasiya nəticəsində Bakıya iş üçün gələn region əhalisi və gənc ailələrdir. Ona görə də bu fakt tələbələrin tətilə getməsi ilə əlaqədar ciddi təsirə məruz qalmayacaq.
Avqust ayından başlayaraq kirayə mənzillərin qiymətində kəskin artım olacaq, kirayə bazarında ev qıtlığı yaşanacaq. Hər il yaşanan mövsümi bahalaşma ilə builkinin arasında yüksək qiymət fərqləri müşahidə olunacaq. Əvvəllər 5-10% civarında qiymət artımı var idisə, bu il rəqəm 15%-ə qədər yüksələcək.
Nə qədər ki, tələbələr üçün yataqxana tipli binalar istifadəyə verilməyib, özəl sektorlar uyğun qiymətli yataqxanalar inşa etməyibsə, o vaxta qədər də kirayə mənzil qıtlığı bazardakı qiymətləri artıracaq”.