Medianews.az
Azərbaycanda bütün nazirliklərin və eyni statuslu qurumların əsasnamələri dəyişir -
364 baxış

Azərbaycanda bütün nazirliklərin və eyni statuslu qurumların əsasnamələri dəyişir - EKSKLÜZİV

Prezident İlham Əliyev “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Noyabrın 17-də verilən fərman dövlət başçısının 13 fevral 2006-cı ildə təsdiqlədiyi “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin ləğvini nəzərdə tutur. Beləliklə, mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı yeni Nümunəvi Əsasnamə qüvvəyə minib, 2006-cı ildə qəbul olunmuş əsasnamə qüvvədən düşüb.

17 noyabr fərmanında Prezident İlham Əliyev Nazirlər Kabinetinə yeni Nümunəvi Əsasnamənin tələbləri nəzərə alınmaqla mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrinin təkmilləşdirilməsinə dair təkliflər hazırlamağı da tapşırıb. Nazirlər Kabineti təklifləri 6 ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

Medianews.az bildirir ki, mərkəzi icra hakimiyyəti orqanları dedikdə 34 qurum nəzərdə tutulur.

Bunlardan 17-si nazirlikdir: Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səhiyyə Nazirliyi.

7-si dövlət komitəsidir: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi.

5-i dövlət xidmətidir: Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti.

4-ü agentlikdir: Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi.

1-i idarədir: Milli Arxiv İdarəsi.

Nümunəvi Əsasnamə - adından da göründüyü kimi, əsasnamələrin tərtib olunması üçün bir nümunədir.

Medianews.az-ın şərhinə görə, yeni Nümunəvi Əsasnamənin təsdiqlənməsi və Prezidentin Nazirlər Kabinetinə bu əsasnamənin tələblərini nəzərə almaqla, mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrinin təkmilləşdirilməsinə dair təkliflər hazırlamağı tapşırması ondan xəbər verir ki, ölkədə mərkəzi icra hakimiyyəti orqanı sayılan 34 qurumun, yəni 17 nazirlik, 7 dövlət komitəsi, 5 dövlət xidməti, 4 agentlik və 1 idarənin əsasnaməsində dəyişikliklər olacaq.

Prezident İlham Əliyevin 2025-ci ilin 17 noyabrında təsdiqlədiyi Nümunəvi Əsasnamədə mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları, fəaliyyətinin təşkili ilə bağlı müddəalar yer alıb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun