“Atam müalicələrini davam etdirir. Sağ olsun dövlətimiz də onu hər zaman diqqətdə saxlayır. Əlimizdən nə gəlirsə onu da edirik. İnşallah, Allah qismət etsə “Xarıbülbül” festivalında da çıxışımız olmalıdır. Atamla birgə duet ifa edəcəyik. Xeyirlisi ilə! Təki salamatlıq olsun”.
Bunu Medianews.az-a açıqlamasında xalq artisti Zaur Rzayevin oğlu, əməkdar artist Azər Zadə (Azər Rzazadə) deyib.

O daha sonra əlavə edib:
“Atama hər kəs diqqət və qayğı göstərir. Bir neçə ildir xəstədir, təsəvvür etməzsiz ki, hər an, hər saniyə televiziya əməkdaşları, jurnalistlər maraqlanırlar. Onların hər birinə ailəmiz adından təşəkkür edirik. Hazırda heç bir verilişə çıxmır, müsahibə vermir. Sadəcə istirahət edir. Bilirəm ki, hər kəs bizi anlayışla qəbul edir. Atam bir az zəifləyib, özünü stabil hiss etmir. Biz dövlətimizin dəstəyi ilə əlimizdən gələni edirik. İnşallah ki, yaxşı olar”.

Davamlı olaraq xarici ölkələrdə Azərbaycan opera sənətini təbliğ edən Azər Zadə deyir ki, hazırda atasının səhhətinə görə Azərbaycandadır:
“Atamla çox vaxt keçirirəm. Onun xəstəliyi ilə bağlı olaraq bir müddətdir xarici ölkələrə də səfər edə bilmirəm. Çünki mənim səfərlərim uzunmüddətli olur. Atam əlbəttə ki, sənəti üçün darıxır. Xəstəliyinə baxmayaraq yenə də musiqilərini, mahnılarını yadına salır və onları nəzərdən keçirir. Bütünlüklə musiqi üçün doğulan bir insanın musiqidən uzaq qalması mümkün deyil”.

Qeyd edək ki, bir müddət əvvəl Zaur Rzayevin ürəyində problem yaranıb. Sənətkarın müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Əli Əsgər,
Medianews.az

