Medianews.az
Altsheymer bağırsaqlardan
97 baxış

Altsheymer bağırsaqlardan başlaya bilər

Son illər elm dünyasında “bağırsaq yaşı” anlayışı sağlam və uzunömürlü həyat araşdırmalarında əsas mövzulardan birinə çevrilib.

Medianews.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, yaşla bağlı xəstəliklərin arxasında dayanan əsas bioloji proses bağırsaq mikrobiotasında baş verən dəyişikliklər ola bilər.

Bağırsaqlarda yaşayan trilyonlarla mikroorqanizmin tarazlığının pozulması ürək-damar xəstəlikləri, tip 2 diabet, yaddaş zəifləməsi və immun problemlərlə əlaqələndirilir. Yaş artdıqca faydalı bakteriyaların azalması və iltihab yaradan növlərin çoxalması “disbioz” adlandırılan vəziyyətə səbəb olur və bu, sağlam olmayan qocalmanın əsas mexanizmlərindən sayılır.

Alimlər qeyd edirlər ki, yaşlanma ilə əlaqəli gizli xroniki iltihab prosesi – “inflammaging” – altsheymer, diabet və bəzi xərçəng növləri üçün risk yarada bilər. Bağırsaq divarının keçiriciliyinin artması nəticəsində zərərli maddələr qana keçə və immun sistemini daimi gərgin vəziyyətdə saxlaya bilər.

Araşdırmalar həmçinin bağırsaq-beyin əlaqəsinə diqqət çəkir. Mikroflora balansının pozulması yalnız həzmi deyil, yaddaşı, diqqəti və psixoloji vəziyyəti də təsirləndirə bilər. Bu səbəbdən bəzi hallarda unutqanlıq və koqnitiv zəifləmə prosesləri bağırsaqlardakı dəyişikliklərlə əlaqəli ola bilər.

Mütəxəssislər bağırsaqları “gənc” saxlamaq üçün sadə qaydaları tövsiyə edirlər:

  • liflə zəngin tərəvəz və meyvələr qəbul etmək;
  • qatıq və kefir kimi fermentləşdirilmiş məhsullara üstünlük vermək;
  • müntəzəm fiziki aktivlik;
  • keyfiyyətli yuxu;
  • antibiotiklərdən yalnız zəruri hallarda istifadə.

Qeyd olunur ki, sağlam bağırsaq sistemi yalnız həzm üçün deyil, ürək, beyin və ümumi həyat keyfiyyəti üçün də həlledici rol oynayır.

 

Bizə qoşulun