Türkiyənin Şırnak vilayətinin Cizre rayonunda keçirilən əməliyyat zamanı külli miqdarda qaçaqmal qızıl və xarici valyuta ələ keçirilib.
Medianews.az xəbər verir ki, Təhlükəsizlik Baş Müdirliyinin (EGM) açıqlamasına görə, əməliyyat Şırnak Polis İdarəsi, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi, Kəşfiyyat Şöbəsi və Cizre Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilib.
Məlumata əsasən, qaçaqmalçılıqda şübhəli bilinən şəxslərin olduğu nəqliyyat vasitəsi saxlanılıb. Aparılan axtarış zamanı bazar dəyəri təxminən 590 milyon türk lirəsi olan qızıl və xarici valyuta aşkar edilərək müsadirə olunub.
Əməliyyat çərçivəsində hər biri 1 kiloqram olan 30 qızıl külçə, ümumilikdə 85 min 939,5 qram emal olunmuş qızıl, 90 min 600 ABŞ dolları və 7 min 470 avro ələ keçirilib.
Faktla bağlı 3 şübhəli şəxs barəsində hüquqi tədbirlər görülüb və məhkəmə prosesi başlanıb.
Səlahiyyətli qurumlar qaçaqmalçılığa qarşı mübarizənin bundan sonra da qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.