Medianews.az
“Day imkan verin camaat rahat nəfəs alsın” – “Bir qrup insan səfərbər olub...” -
221 baxış

“Day imkan verin camaat rahat nəfəs alsın” – “Bir qrup insan səfərbər olub...” - AÇIQLAMA

“...Həyatını itirdi”, “...həyatını itirib” - ölüm-itim, qəza xəbərlərinin aşıb-daşdığı Azərbaycanın kütləvi informasiya vasitələrində, ən çox da saytlarda bu ifadəyə demək olar hər gün rast gəlinir.

Onlayn tərcümə platformaları, “Chatgpt” kimi süni intellekt proqramları da xarici dildən mətnləri çevirəndə bu ifadədən geninə-boluna yararlanır.

Azərbaycan dilində “həyatı itirmək”, “həyatını itirmək” ifadəsi varmı?

Mövzu ilə bağlı Medianews.az-ın sualını cavablandıran şair, yazıçı, tərcüməçi Etimad Başkeçid deyib ki, "mühafizəkar" dil qoruyucuları üçün "həyatını itirdi" ifadəsi düzgün hesab edilməyə bilər: “Bunu əsaslandırmağa çalışanların məntiqi ilə də tanışam. Deməzsənmi, bu kalkadır və Azərbaycan dilində bu mənanı ifadə etmək üçün daha "düzgün" ifadələrdən istifadə olunmalıdır.

Bilirsiniz, rusların bir məsəli var, deyir: "Axmağa dua etməyi öyrət, başını yerə vurub partladacaq" (Nauçi duraka molitsya…). Lətifəsi bəzi "dil qoruyucu"larından uzaq, amma day imkan verin camaat rahat nəfəs alsın. Bunlar çox zaman çirkli su ilə bərabər uşağı da çölə atmağa amadə insanlardır.

Bu günlərdə ölmədiril qəzetlərdən birində bir yazı gözümə sataşdı: müəllif təklif edir ki, "meydan oxumaq" əvəzinə "mübarizəyə çağırmaq" və ya "çəkişməyə dəvət etmək", "musiqi dinləmək" yerinə mütləq "musiqiyə qulaq asmaq" yazılmalıdır, filan…”.

E.Başkeçid bildirib ki, bu nümunələr purizmin bəzən necə ifrata vardığını göstərir: "Meydan oxumaq" ifadəsi əslində klassik ədəbiyyatımızdan gələn, pəhləvanlıq ənənəsi ilə bağlı olan çox obrazlı bir ifadədir. Onu "çəkişməyə dəvət etmək" kimi quru bir ifadə ilə əvəz etmək dili kasıblaşdırmaqdan başqa bir şey deyil. "Musiqi dinləmək" məsələsində də gülünc bir məqam var. "Qulaq asmaq" daha çox fiziki prosesdirsə, "dinləmək" həm də anlamaq, dərk etmək çalarını daşıyır. Anadolu türkcəsindən gəldiyini iddia edib, buna qarşı çıxanlar, dilin daxili sinonimlik imkanlarını boğurlar.

Mən burada "dil kontaktı", "diffuziya", "alınma" və s. kimi məsələləri bir kənara qoyuram. Fikir verin, "boş vaxt", "məsələ qaldırmaq" kimi sabit söz birləşmələri bizə rus dilindən keçib, biri "svobodnoye vremya", digəri "podnyat vopros"un kalkasıdır. Və belə birləşmələrin sayı-hesabı yoxdur. Niyə həmin dil qoruyucularının heç biri təklif etmir ki, gəlin bunları dəyişək? Hələ mən ərəb-fars mənşəli alınmaları və kalkaları demirəm.

Məsələ Anadolu türkcəsinə gələndə, işlər dəyişir. Açıq deyirəm, bu müzakirələrin ümumi xarakterinə baxanda belə təəssürat yaranır ki, bir qrup insan səfərbər olub, "dili qorumaq" pərdəsi altında Azərbaycan dilini təcrid etmək siyasəti yürüdür, dilin təbii inkişaf qanunauyğunluqlarını saya salmır və nəticə etibarilə ziyanlı bir işə qol qoymuş olurlar.

"Həyatını itirdi" ifadəsinə gəlincə, bu birləşmə artıq müasir mətbuatın və rəsmi dilin ayrılmaz hissəsidir. Dil hər zaman ən qısa və ən informativ yolu seçir. "Həyatını itirdi" demək həm neytrallığı qoruyur, həm də hadisənin faciəviliyini vurğulayır. Ona görə də, mən burada bir problem görmürəm”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun