Türkiyədə 23 aprel – Milli Suverenlik və Uşaq Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində Anıtqəbir ziyarəti zamanı baş verən bir hadisə sosial mediada geniş müzakirələrə səbəb olub.
Medianews.az xəbər verir ki, ölkənin müxtəlif bölgələrindən gələn ziyarətçilər arasında özəl uşaq bağçasının direktoru və müəllimləri də yer alıb.
Onlar Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edərək ehtiramlarını bildiriblər.
Lakin ziyarət zamanı məktəbin adını daşıyan çələngin əsgərlər tərəfindən təntənəli şəkildə daşınması diqqət çəkib. Məhz bu məqam sosial mediada müxtəlif reaksiyalar doğurub və mübahisələrə yol açıb.
Ziyarətdən sonra uşaq bağçasının direktoru sosial şəbəkədə paylaşım edərək səfərin onlar üçün xüsusi məna daşıdığını vurğulayıb: “Biz Atatürkün hüzurunda idik. Bu, sadəcə bir yürüş deyildi, keçmişə hörmətin və gələcəyə ümidin güclü ifadəsi idi. Bu gün uşaqlarımıza bir dəyər və miras qoyduq”.
Qeyd edək ki, hər il 23 aprel münasibətilə Anıtqəbirdə minlərlə insan toplaşaraq Türkiyə Cümhuriyyətinin qurucusunu yad edir. Lakin bu dəfə bir uşaq bağçasının ziyarəti zamanı baş verən detal ictimai müzakirələrə səbəb olub.