Medianews.az
Azərbaycan o ittifaqa qoşulmalıdırmı? –
135 baxış

Azərbaycan o ittifaqa qoşulmalıdırmı? – Deputatların cavabları, ekspert rəyləri

27 ölkəni birləşdirən Avropa İttifaqına 9 ölkə namizəd statusundadır. Onların üçü keçmiş SSRİ məkanını təmsil edir: Moldova, Ukrayna, Gürcüstan.

Ermənistan da ittifaqa üzvlük üçün müraciət etmək niyyətindədir.

Keçmiş SSRİ məkanından Estoniya, Latviya və Litva 2004-cü ildə Avropa İttifaqına qoşulub.

Azərbaycanın bu quruma sıx inteqrasiyası, perspektivdə üzvlük üçün müraciət etməsi gərəklidirmi?

Medianews.az-ın sualını cavablandıran Milli Məclisin deputatı Aydın Mirzəzadə xatırladıb ki, Türkiyə ötən əsrdə Avropa İttifaqının üzvü olmaq üçün müraciət edib: “Lakin indiyə kimi müraciətə müsbət cavab verilmir. Bir dəfə Azərbaycan Prezidenti cənab İlham Əliyev dedi ki, biz oraya müraciət etsək də min bir bəhanə ilə qəbul edilməyəcəyimizi bilirik. Bu baxımdan Azərbaycan bu ittifaqa üzv olmaq yox, oraya üzv olan ölkələrlə ikitərəfli əməkdaşlıq siyasətinə üstünlük verir. Bu gün Avropa İttifaqı ölkələrinin bir çox ilə bizim siyasi, iqtisadi münasibətlərimiz var, ikitərəfli əlaqələrimiz yüksək səviyyədədir. Elə Avropa İttifaqının üzvü olan Latviyanın Prezidenti Edqars Rinkeviçsin bu həftə Azərbaycana səfəri də bizim münasibətlərimizin dərinliyini sübut edir.

Onlar nə qədər bizimlə əməkdaşlığa maraqlıdırsa, biz də o qədər addım atmağa hazırıq. Hesab edirəm ki, Azərbaycan Avropa İttifaqına üzv olmadan da demokratiyanı inkişaf etdirməkdə, iqtisadi baxımdan yenilənməkdə öz müsbət nümunələrini göstərəcək”.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Medianews.az-a açıqlamasında Azərbaycanın Avropa İttifaqına üzvlüyü məsələsini qeyri-real saydığını vurğulayıb: “Biz 3+3 formatında daha çox regional əməkdaşlığa və Türk Dövlətləri Təşkilatının inkişafına diqqət ayırmalıyıq. Bunların hamısından vacibi isə ölkə daxilində geniş islahatlar aparmalıyıq”.

Politoloq Xaqani Cəfərli Medianews.az-a deyib ki, dövlətlərin hər hansı ittifaqa, alyansa qoşulmaları onların maraq və mənafeləri ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycanı Avropa İttifaqına üzv olmuş Estoniya, Latviya və Litva, eləcə də ittifaqa üzvlüyü strateji seçim elan etmiş Moldova, Ukrayna, Gürcüstan və Ermənistandan fərqli davranmağa vadar edən çox önəmli bir məqam var: “Bu da Güney Azərbaycan faktorudur. Azərbaycan hər hansı ittifaqa və alyansa qoşulmaqla Güney Azərbaycana perspektiv birləşməni təhlükəyə atmamalıdır. Qənaətimcə, Azərbaycanın maraqlarına ən çox uyğun ola biləcək format ABŞ və İsraillə yaradılmalı olan “Xəzər asayişi” alyansı ola bilər. Bu format Azərbaycanın bütövləşməsi ilə yanaşı, Mərkəzi Asiyaya inteqrasiyanı da təmin edə bilər. Qazaxıstan və Özbəkistanın ABŞ və İsraillə hazırkı münasibətləri “Xəzər asayişi” alyansının daha geniş coğrafiyanı əhatə etməsini təmin edə bilər.

Vaşinqtondan səslənən, ABŞ-nin S7+ (İpək Yeddi Plus) layihəsi çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Əfqanıstanla yeni əməkdaşlıq formatı yarada biləcəyi barədə gündəmdə olan təşəbbüs də “Xəzər asayişi” alyansının zəruriliyini artırır.

ABŞ-nin NATO-dan çıxacağı halda yaradılması təklif olunan “Təhlükəsizlik qövsü” də regionda yeni münasibətlər və ittifaqlar yaratmağa təkan verəcək. Qənaətimcə, Azərbaycanın gələcəyi məhz ABŞ ilə bağlı daha cazibədar görünür. Bütün bu məqamlar olmasaydı, Avropa İttifaqı Azərbaycan üçün də cazibədar olardı”.

Politoloq Natiq Miri mövzu ilə bağlı Medianews.az-a açıqlamasında öncə qeyd edib ki, Avropa İttifaqı əhatə etdiyi siyasi, iqtisadi məkana görə qlobal gücdür: “Amma demokratiya və insan hüquqlarından nə qədər dəm vursalar da, heç kimə sirr deyil ki, Avropa İttifaqı xristian klubudur. Əks təqdirdə on illərdir qardaş Türkiyəni ittifaqın qapısı arxasında saxlamazdılar. Bu gün Avropa İttifaqının təhlükəsizliklə bağlı çox ciddi problemləri var. Çünki ABŞ artıq Avropa İttifaqını müdafiə etməyəcəyini və ittifaqın özü-özünü müdafiə etməli olduğunu vurğulayır. Xüsusilə də İranla müharibə zamanı Avropa İttifaqının üzvləri, yəni həm də NATO-da Vaşinqtonun müttəfiqi olan dövlətlər ABŞ-yə yardımdan imtina etdikdən sonra Vaşinqtonla Brüssel arasında körpülər yanıb. ABŞ indi Avropanı NATO-dan çıxacağı ilə hədələyir. ABŞ qoşunlarının tədricən Avropadan digər bölgələrə, əsasən Hind-Sakin okeanı hövzəsinə transformasiya olunacağı gözlənilir. Buna hazırlıq gedir.

Əslində sırf siyasi və hüquqi bir prosedurların nəticəsi kimi yanaşdıqda Azərbaycanın perspektivdə Avropa İttifaqına qəbul olunması mümkündür. Ancaq reallıqda müsəlmanların çoxluq təşkil etdiyi ölkə olduğumuzu nəzərə alsaq, Azərbaycanın həmin proseduralardan xristian ölkələri qədər rahat keçə biləcəyi ağlabatan deyil. Türkiyə kimi NATO-nun üzvü olan bir ölkəyə göstərilən münasibəti yaddan çıxarmayaq. Bu baxımdan reallığı göz önünə gətirəndə Azərbaycanın nə vaxtsa Avropa İttifaqına qəbul olunacağını düşünmürəm.

Lakin bu o demək deyil ki, Azərbaycan bütün bunlara görə Avropa İttifaqı üzvlüyünə can atmır. Avropa İttifaq mənəvi-psixoloji, tarixi baxımdan Azərbaycandan və türk dünyasından uzaq, fərqli bir geosiyasi məkandır. Bu səbəbdən indiki vəziyyətdə Avropa İttifaqına üzv olmaq əslində nə Türkiyə, nə də Azərbaycan adına doğru deyil. Türkiyə və Azərbaycanın yeri bir-birinin və türk dünyasının yanındadır. Türkiyə, Azərbaycan və türk dövlətləri bu gün dünyanın nəbzinin vurduğu bəlkə də yeganə geosiyasi məkandır. Bu məkanın bir tərəfi Qərbi, bir tərəfi Mərkəzi Asiyadır, üstəlik, Cənubi Qafqaz kimi strateji məkanda yeri var. İstər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən bundan böyük güc ola bilərmi? Ona görə Avropa İttifaqının verdiyi boş vədlər kontekstində zaman itirmək nə Azərbaycana, nə də Türkiyəyə lazımdır. Həmin vaxtı Türk Dövlətləri Təşkilatında daha güclü inteqrasiyaya xərcləmək daha düzgün yoldur. Belə olduğu təqdirdə dünyanın yenidən şəkilləndiyi bir zamanda türk dünyası qlobal güc mərkəzlərindən birinə çevrilə bilər.

İkili standartlarla işləyən, mənəviyyatı tamamilə arxa plana atan və qeyri-müəyyən gələcəyi olan Avropa İttifaqına üzv olmağa çalışmaq boşuna əmək, enerji sərf etməkdir. Söhbət elmi-texnoloji bazara çıxışdan gedirsə, bunu ikitərəfli münasibətlər qurmaqla da etmək mümkündür. Son texnologiyaları, elmi nailiyyətləri birlikdə əldə etmək, qazandığını qardaşlarınla paylaşmaq siyasəti daha doğru deyilmi? Bu səbəbdən mən Azərbaycanı və qardaş Türkiyəni Avropada görmürəm. Onsuz da onlar üçün arzuolunan ölkələr deyilik. Biz də onları özümüz üçün arzuolunmaz saymalıyıq. Münasibətləri yalnız maraqlar kontekstində qurmalıyıq. Avropa İttifaqının üzvləri ilə ayrı-ayrılıqda, ikitərəfli, eyni zamanda bütövlükdə Avropa İttifaqı ilə normal ticari, siyasi, hərbi əməkdaşlıq qurmalıyıq. İnteqrasiya bu şəkildə olmalıdır, üzvlük bizə onlardan heç nə qazandırmaz. Xristian klubudur və bugünkü aqibətləri də göz önündədir”.

Nailə Qasımova,
Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

Bizə qoşulun