Medianews.az
“Bu səhnəni oynamağa qoymadılar ki, zalda alimlər oturub, dedilər ki, açıq-saçıqdır, gülməlidir” -
242 baxış

“Bu səhnəni oynamağa qoymadılar ki, zalda alimlər oturub, dedilər ki, açıq-saçıqdır, gülməlidir” - FOTO + ÖZƏL

“Kino iri planları sevir. Aktyorun üzündəki, alnındakı qırışlara qədər orada aydın düşməlidir. Bir filmdə məni sınaq etdilər. 10-15 dəqiqəlik səhnə çəkdilər. Sonra gördüm ki, rejissorla operator nəsə pıçıldaşır. Onlar deyirdilər ki, “nə qədər istedadlıdırsa, sifəti Moşudur da”. Əlbəttə ki, saqqalla, bığla, qrimlə nəsə dəyişə bilərdilər, amma bunu da hər rejissor istəmir. Müasir kinoda buna çox fikir vermirlər”.

Bunu Medianews.az-a açıqlamasında xalq artisti Valeh Kərimov deyib. 

O daha sonra onu tamaşaçılara sevdirən “Bəxt üzüyü” tamaşasından danışıb: “Bilirsiniz ki, “Bəxt üzüyü” ilk dəfə tamaşa kimi Sumqayıt Dövlət Dram teatrında oynanılıb. Elə oldu ki, bir gün dedilər ki, məşhur bir ziyalının, alimin yubileyidir. Əvvəl fikirləşdilər ki, Seda ilə Moşunun səhnəsindən bir parça salsınlar. Biz o vaxt bu səhnəcikləri çox yerdə oynayırdıq. Məşqlərin birində dedilər ki, “Valeh müəllim bu səhnəni çıxardırıq”. Səbəbini soruşanda dedilər ki, “yaxşı deyil, alimlər gəlib oturub, gülməli və bir az da açıq səhnədir”. Dedim ki, başa düşmədim, alim gülməməlidir ki? Həmişə ağlamalıdırmı? Qəmli olmalıdırmı? Vaqif Səmədoğlunun Akademik Milli Dram teatrında yubileyi keçirilirdi. Orada yenə həmin parçanı salmışdılar. Biz səhnəyə çıxan dəqiqəyə qədər bütün tamaşaçılar dərd-qəm içərisində oturmuşdu. Çünki Vaqif müəllim xəstə idi.. Ömrünün son günləri idi. 5-10 dəqiqədən bir çölə çıxırdı, iynə vururudular gəlib yerində otururdu. Hamı bilirdi ki, bu kişi sabah yaxud da biri gün olmayacaq.. O səhnəni yubileydə biz oynadıq. Salonda əhval-ruhiyyə, münasibət tamam dəyişdi.. Biz o keçidi qiymətləndirmirik bəzən.. Dramaturq faciə əsəri də yazıb, dram da”. 

Valeh Kərimov “Bəxt üzüyü” tamaşasının Heydər Əliyev sarayında təşkil olunmasını istəyir. “Tamaşanı hazırlamaq çox ağır bir prosesdir. O aktyorların çoxu sağdır. Biz axı yaşlaşmışıq.. Afaq xanım yeriməkdə çətinlik çəkir, səhhəti o qədər də yaxşı deyil. Bu əsəri mən teatrda yox, Heydər Əliyev sarayında bərpa olunmağını istərdim. Dünya praktikasında da belə bir qanun var ki, çox məşhur filmlərin səhnə versiyasını hazırlayırlar. “Bəxt üzüyü” əsərini sarayda bərpa etsəydilər təşkilatçılar bundan milyonlar qazanardılar. O heyətin bəlkə də 90 faizi sağdır. Çox böyük səs-küylü bir hadisə olardı. Bizdə təəssüf ki, belə menecerlər yoxdur”, - deyə xalq artisti bildirib. 

Əli ƏSGƏER 

Medianews.az

Bizə qoşulun