Suriya paytaxtı Dəməşqdə keçirilən tədbirdə nümayiş olunan rəqs və musiqi proqramı mübahisələrə səbəb olub.
Medianews.az xəbər verir ki, Suriya prezidenti Əhməd Əl Şara isə məsələ ilə bağlı açıqlama verərək, tədbirdə nümayiş etdirilən proqramdan əvvəlcədən xəbərsiz olduğunu bildirib.
Prezidentin sözlərinə görə, Əl-Fayha Zalında keçirilən açılış mərasimində iştirak əvvəlcədən planlaşdırılmayıb. O qeyd edib ki, tədbirə dəvət son anda gəlib və bu səbəbdən proqramın məzmunu barədə məlumatlı olmayıb.
Şara səhnədə nümayiş olunan çıxışların onu təəccübləndirdiyini vurğulayıb. Onun sözlərinə görə, təqdim edilən tamaşalarda hər hansı aydın mesaj və ya məna müşahidə olunmayıb.
Prezident əlavə edib ki, milli tədbirlər ölkənin mədəni dəyərlərini əks etdirməlidir. O, gələcəkdə bu cür proqramların Suriyanın adət-ənənələrinə və mədəni xüsusiyyətlərinə uyğun təşkil edilməsi üçün müvafiq tapşırıqlar verildiyini açıqlayıb.
Qeyd edək ki, sözügedən tədbirdə nümayiş olunan səhnələr sosial mediada geniş müzakirələrə səbəb olub və müxtəlif reaksiyalar doğurub.

