Medianews.az
ABŞ-nin vasitəçiliyi puça çıxır? Rusiya-Ukrayna cəbhəsində vəziyyət daha da gərginləşir - <span style=color:red>Ekspert AÇIQLADI
185 baxış

ABŞ-nin vasitəçiliyi puça çıxır? Rusiya-Ukrayna cəbhəsində vəziyyət daha da gərginləşir - Ekspert AÇIQLADI

Son günlər Rusiya-Ukrayna müharibəsində iki tendensiya paralel müşahidə olunur. Bir yandan atəşkəs əldə edilməsi istiqamətində addımlar atılır, Səudiyyə Ərəbistanında ABŞ-ın vasitəçiliyi ilə danışıqlara start verilir, o biri yandan döyüşlər şiddətlənir: Rusiya Kurskda güclü hücuma keçib, Ukrayna isə martın 11-i gecə Rusiyaya dronlarla kütləvi hücum edib. Bunu necə anlamaq gərəkdir: tərəflər (Rusiya və Ukrayna) danışıqları pozmaq istəyirlər, yoxsa güc nümayiş etdirməklə özlərinə daha əlverişli razılaşmaya nail olmağa çalışırlar? Hücumların, döyüşlərin şiddətlənməsi ABŞ-nin vasitəçilik missiyasını - ən azı indiki mərhələdə, Səudiyyə Ərəbistanında - puça çıxara bilərmi? Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, son günlər Rusiya-Ukrayna müharibəsinin şiddətlənməsi, tərəflərin hücum əməliyyatlarını genişləndirməsi, daha çox əraziyə sahib çıxmağa cəhd göstərməsi qarşıdan gələn mümkün danışıqlar prosesi ilə bağlıdır: “Tərəflərin hər biri mövqeyini gücləndirməyə çalışır. Amma o biri yandan bu vəziyyət ABŞ-nin, konkret olaraq Prezident Donald Trampın təşəbbüslərini zərbə altına qoyur. Artıq Səudiyyə Ərəbistanında Ukrayna nümayəndələri ilə ABŞ nümayəndələrinin görüşü olub. Düzdür, həmin görüşdən sonra ABŞ-nin dövlət katibi Marko Rubio faktiki Ukrayna torpaqlarının itirilməsi ilə barışmağın zəruriliyini vurğulayıb. Ukrayna buna hazırdırmı? Bilmirəm. Çünki bu gün Ukryana arxasında başqa gücləri - Türkiyəni, Avropa İttifaqını, digərlərini hiss edir. Prezident Volodimir Zelenski anlayır ki, torpaq güzəştinə gedə bilməz. Bu da bir yandan sülh prosesini riskə atan faktor kimi qiymətləndirilə bilər. Digər tərəfdən ola bilər ki, məhz qarşıdurmanın güclənməsi, hücumların artması Tramp administrasiyasını daha intensiv şəkildə sülhə nail olmağa çalışmaq məcburiyyətində qoysun. Amma mən hazırkı danışıqların nəticə verəcəyini gözləmirəm. İndiki danışıqların puça çıxma ehtimalı kifayət qədər yüksəkdir”. Politoloqun fikrincə, nə qədər ki, danışıqlar prosesində qarşılıqlı qarantiya mexanizmləri, şərtləri yoxdur, heç bir sülh danışığı nəticə verə bilməz: “Nəinki sülh, heç atəşkəs razılaşması da nəticə verə bilməz. Ümumiyyətlə sülh danışıqları uzun prosesdir. Orada bütün şərtlər razılaşdırılmalı, dəfələrlə görüş keçirilməlidir. Tramp prezident səlahiyyətlərinin icrasına başlamazdan öncə Rusiya-Ukrayna müharibəsini 24 saata dayandıracağını bəyan etmişdi. Aydın məsələdir ki, bu, populist bir bəyanat idi. Praktikada məsələ bu qədər asan deyil. Hələlik mən deyərdim ki, nəbz yoxlaması gedir. Hətta bu sülh danışıqları da deyil. Perspektiv olduqca dumanlıdır. Cəbhə xəttində hücumlar isə artacaq. Ukraynanın artıq Fransa silahları, təyyarələri əldə etdiyi haqda xəbərlər yayılıb. Belə iddialar var ki, həmin təyyarələrin vasitəsilə Ukrayna Rusiyanın buraxdığı dronları, raketləri, o cümlədən qanadlı raketləri vura bilir. Deyilənlər doğrudursa, onda situasiya daha da mürəkkəbləşir. Heç bir tərəfin geriyə addım atmaq fikrində olduğu görünmür və əslində bu, heç mümkün də deyil”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun