Medianews.az
BRICS valyutası dollar və avronu ÜSTƏLƏYƏCƏK? - <span style=color:red>Yaxın 10-20 il ərzində üzv ölkələr üçün...
362 baxış

BRICS valyutası dollar və avronu ÜSTƏLƏYƏCƏK? - Yaxın 10-20 il ərzində üzv ölkələr üçün...

2009-cu ildə Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikanın iştirakı ilə yaradılan BRICS-ə 2024-cü ilin yanvarından Misir, İran, BƏƏ və Efiopiya qoşulub. Ən tez inkişaf edən ölkələr kimi səciyyələndirilən bu təşkilat üzvləri öz sıralarını genişləndirməkdədirlər. BRICS-lə bağlı daha bir yenilik ondan ibarətdir ki, artıq bu təşkilat özünün pul nişanını hazırlayıb. Kazan şəhərində keçirilən BRICS sammiti zamanı Rusiya Prezidenti Vladimir Putinə birliyin simvolik əskinası hədiyyə edilib. Birliyin geniş tərkibdə keçirilən iclasından sonra Rusiya lideri əlində əskinasla zalı tərk edib, daha sonra gülümsəyərək onu nazirlərə göstərib. Əskinasda BRICS-in rəmzləri və üzv ölkələrin bayraqları təsvir edilib. Banknot 100 milyon nominalda olub. Maraqlıdır, bu pul nişanı Avropa İttifaqının vahid əskinası dəyər qazana biləcək, uzunömürlü olacaqmı? Bu banknot üzv ölkələr üçün dollar və ya avronu əvəz edə, hətta üstələyə biləcəkmi? Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, BRICS vahid valyuta yaradıb, aktiv istifadəyə başlasa belə, yaxın 10-20 il ərzində üzv ölkələr üçün dolları əvəz edə bilməyəcək. O, bu fikrini statistik təhlillə əsaslandırıb: “Gəlin BRICS-in əsas beş ölkəsinin durumuna ayrı-ayrılıqda baxaq. Braziliya il ərazində ölkəsini idxal məhsulları ilə təmin etmək üçün 240 milyard dollarlıq məhsul alır. Braziliya bunun yalnız 48 milyard dollarını BRICS ölkələrindən alır. Yəni, yerdə qalan 80 faiz idxalı gerçəkləşdirmək üçün Braziliyaya hər il 192 milyard dollar lazımdır. Rusiya isə il ərazində 280 milyard dollarlıq idxal edir və bunun yalnız 15 faizi BRICS-in payına düşür. Yerdə qalan idxal üçün Rusiyaya 238 milyard dollar lazım olur. İldə 700 milyard dollarlıq idxalı olan Hindistan isə bunun cəmi 10 faizini BRICS ölkələri ilə edir. Yerdə qalan 630 milyardını dollar hesabına kənardan alır. Təkcə ABŞ-dən etdiyi idxalın həcmi bütün BRICS ölkələrindən etdiyi idxaldan, az qala iki dəfə çoxdur. Cənubu Afrika da asılılıq məsələsində Hindistanla bənzər pay nisbətinə sahibdir. Çin isə idxal baxımından BRICS-dən kənar ölkələrdən daha çox asılıdır. İl ərzində 2 trilyon dollarlıq idxalı olan Çin bunun cəmi beş faizini BRICS-dən edir. Yerdə qalan 95 faizlik pay isə 1,9 trilyon dollar deməkdir”. E.Əmirov ümumiyyətlə, BRİCS valyutasının özünü doğrulda bilməsi məsələsinə də aydınlıq gətirib: “Uzun müddətli dövr üçün BRICS valyutası özünü doğrulda bilər. Amma bunun üçün əhəmiyyətli siyasi və iqtisadi əməkdaşlıq tələb olunur. İqtisadi dünya nizamında dəyişikliklər baş verdikcə, perspektivlər də dəyişə bilər”. Vüqar MƏMMƏDOV

Bizə qoşulun