Avqustun 30-da ermənilər Xankəndidə aksiya keçiriblər. Nümayişdə mindən çox şəxs iştirak edib. Onlar separatçı rejimin rəhbərindən qondarma “maliyyə”, “təhlükəsizlik şurası” və “nazirlər kabineti” rəhbərlərinin istefaya göndərilməsini tələb ediblər. Aksiya iştirakçıları bildiriblər ki, tələbləri yerinə yetirilənə qədər etirazlar davam edəcək.
Qarabağ ermənilərinin daxili çəkişməsi halları ilə ilk dəfə qarşılaşmırıq. Bu göstərir ki, ermənilər arasında ciddi böhran yaşanır. Ermənilər arasında sosial problemlərin dərinləşməsi prosesi getdikcə dərinləşir.
Milli məclisin deputatı Fazil Mustafa Qarabağ ermənilərinin etirazları ilə bağlı Medianews.az-a danışıb. Millət vəkili ermənilər arasında sosial narazılıqların olduğunu qeyd edib:
“Ermənilər arasında baş verən proseslərin mahiyyətini bilmək bir az çətindir. Amma onların arasında gedən bu proseslər bizim faydamızadır. Onların daxili çəkişmələrə başlarının qarışması yaxşı əlamətdir. Çünki belə olan təqdirdə bizə qarşı birləşmə imkanları azdır”.
Fazil Mustafa vurğulayıb ki, Azərbaycan prosesləri izləyərək nəzarətdə saxlayır:
“Xankəndi ermənilərinin konkret olaraq niyə narazılıq etdikləri ilə bağlı heç bir məlumat yoxdur. Amma görünür ki, müəyyən problemləri var və onun həllini istəyirlər. Təbii ki, həmin problemləri kəşfiyyat idarələrimiz bilir. Azərbaycan prosesləri diqqətlə izləyir və lazımi tədbirlər görəcək”.
Xanlar Əlibəy
Medianews.az