“90-cı illərdən başlayaraq qaçqınların, məcburi köçkünlərin iş təminatı, hüquqlarının qorunması həyata keçirilir, güzəştlər, müavinətlər, verilir”-Elman Məmmədov
20 iyun Ümumdünya Qaçqınlar Günüdür. 2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Şübhəsiz ki, qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub.
Mövzu barədə Medianews.az-a danışan millət vəkili Elman Məmmədov bildirdi ki, Azərbaycan da qaçqınlığı yaşamış ölkələrdəndir:
“Qaçqın dedikdə digər ölkələrdən Azərbaycana məcburən gəlmiş insanları nəzərdə tuturuq. Məcburi köçkünlər bizlərik, yəni Azərbaycanın bir bölgəsindən digərinə məcburi köçkün düşənlər. Verilən məlumata görə dünyada bu gün qaçqınların sayı orta hesabla 100 milyonu keçib. Mən arzu edərdim ki, heç kim evindən didərgin düşməsin, qaçqın həyatı yaşamasın. Çünki bu həyatın nə qədər acı olduğunu biz öz üzərimizdə artıq 30 ildən çoxdur görürük. Şükür ki, Azərbaycan torpaqları işğaldan azad olunub və tədricən doğma yurd, yuvamıza qayıdış başalanacaq”.
Milli məclisin deputatı qeyd etdi ki, artıq torpaqlarımız işğaldan azad edilib, yaxın zamanda köçkünlük sona çatacaq:
“Qaçqınlıq dünyəvi problemdir, ağır həyat tərzidir. Heç kimə arzu etmirəm. Azərbaycanda olan qaçqın, köçkünlərimizdə artıq hamımız ümidlə yaşayırıq ki, artıq yaxın vaxtlarda tədricən doğma yurd-yuvamıza qayıdacağıq. Hamıya bunu arzu edirəm. Hər kəs öz yurd-yuvasına qayıtdıqdan sonra qaçqın-köçkünümüz də olmayacaq. Torpaqlarımız işğaldan azad olunub, artıq anonslar verilir. Artıq Zəngilan rayonunun Ağalı kəndinə qayıdış başlayır. Tədricən də Zəngilana, Füzuliyə, Ağdama, Şuşaya, bütün ərazilərimizə qayıdış başlanacaq, o zaman məcburi köçkünlərin sayı da azalacaq. Son nəticədə də artıq olmayacaq”.
Elman Məmmədovun sözlərinə görə, dövlətimiz tərəfindən vətəndaşlar yurdlarına köçənə qədər onlara diqqət göstəriləcək:
“Qaçqınlara, məcburi köçkünlərə bu illər ərzində dövlətimiz tərəfindən kifayət qədər qayğı göstərilib. Mənzil-məişət şəraitinin yaxşılaşdırılması, iş təminatı, bütün sahələrdə onların hüquqlarının qorunması, bərpası, güzəştlər, müavinətlər, bunlar hamısı olub. Dövlət 90-cı illərdən başlayaraq, maddi cəhətdən gücləndikcə, sabitlik, stabillik yarandıqca qaçqınların, məcburi köçkünlərin də maddi durumu, mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu günə qədər də bu proses davam edir. Hər kəs doğma yurd-yuvasına qayıdana qədər də davam edəcək”.
Ukrayna-Rusiya müharibəsinə toxunan millət vəkili bildiri ki, müharibə bitdikdən sonra ukraynalı vətəndaşlar da öz vətənlərinə geri qaytarılacaq:
“Artıq Ukraynadan olan qaçqınların sayı neçə milyonlarladır. Hazırda dünyanın bir çox dövlətləri, xüsusən qonşu Avropa dövlətləri onların yerləşdirilməsi, təminatı ilə bağlı tədbirlər görürlər. Ancaq müharibədən sonra Ukraynada bərpa işləri başlayandan sonra onların da yəqin ki, öz doğma yurd-yuvalarına qayıdışı başlayacaq. Hələ bu barədə danışmaq tezdir”.
Elman Məmmədov bildirdi ki, müharibə pislənməlidir:
“Bu gün əgər Ukraynadan milyonlarla qaçqın varsa, bu Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin nəticəsidir və pislənməlidir. Ukraynalılar öz vətənini müdafiə edir, canını fəda edir, şəhid, qazi olur. Şəhid və ya qazi olmasa da, əlinə silah götürüb torpağı, vətəni, xalqı uğrunda döyüşür. Ancaq bu gün Rusiyanın Ukraynaya qarş apardığı müharibə işğalçılıq müharibəsidir. Müharibə Ukrayna ərazilərində gedir, Rusiyada yox. Hücum edən tərəf də Rusiyadır. Təbii ki, hamı tərəfindən pislənməlidir”.
Zərif Ülvizadə
Medianews.az