Sovet dövrünün məşhur anekdotlarından birində deyilirdi ki, iki məhbus kolonda rastlaşır, biri soruşur sənə neçə il iş veriblər, adam deyir 10 il. Soruşur hansı cinayətə görə, deyir əşşi, heç nəyə görə. Bu zaman isə soruşan təəccüblənir: “Qəribədir, adətən heç nəyə görə 5 il verirdilər”.
İndi NİDA Vətəndaş Hərəkatının üzvlərinə prokurorun 7-8 il həbs cəzası istəməsi bunu xatırladır, çünki ortada doğrudan da heç nə yoxdur. Gənclərin həbsinin real səbəbini biz bilirik, bununla cəmiyyəti qorxutmaq, monarxiyanı, korrupsioner ailə rejimini möhkəmləndirmək istəyirlər və qısa zaman kəsiyində buna nail olmuş kimi görünürlər. Ancaq bu absurd cinayət işinin lap siyasi tərəflərini qırağa qoysaq, yenə də buna görə insanlara 7-8 il azadlıqdan məhrumetmə cəzası istəmək həyasızlığın, vicdansızlığın pik nöqtəsidir (Oxuculardan üzr istəyirəm, başqa ifadə tapa bilmədim).
Axı nə olub? Gənclər əsgər ölümlərinə dinc etiraz aksiyaları təşkil ediblər. Burda bir problem yoxdur – əsgərlər yenə ölür. Deməli, yapokratiya bu istiqamətdə NİDA-nın tədbirlərini önləyibdir. Əgər o etiraz aksiyaları hansısa nəticə versəydi, o zaman deyərdik prokurora halal olsun, düz eləyir.
İkincisi, gənclərin evlərindən “tapılan” benzin butulkaları primitiv bir şeydir, hər gün dünyanın müxtəlif nöqtələrində etiraz aksiyaları zamanı bunlardan minlərlə atılır, atan şəxsləri çox zaman heç tutmurlar, tutanda da pul cəriməsi, bir-iki sutka həbs cəzası verirlər. Nəzərə alanda da ki, bizim gənclər bu butulkaları heç atmayıblar, cəza dəhşətli dərəcədə amansızdır, ağırdır. Dövlətin cəza aləti, repressiya maşını olmasının isbatıdır.
Üçüncüsü, bəzi gənclərin evinə qoyulan narkotikdir, bunun da mənşəyi və məqsədi məlum deyil. Gənclər bunu hardan alıb, kimə veriblər, o cümlədən guya dövlət çevrilişi üçün sərf ediləcək 95 min manat pulu hardan alıblar – istintaq bu cavabsız sualları peysərinə verib.
Uzun sözün qısası, ortada nə zərərçəkən var, nə zərər var, nə də şikayətçi. Ortada heç nə yoxdur, bu heç nəyə görə 8 gəncə üst-üstə 64 il cəza istəyən qəddar, qansız rejim var.
Həyasızlığın zirvəsinə baxın ki, prokuror Nemət Əzizov ittihamnamədə Rəşadət Axundovun himayəsində azyaşlı uşaq olmasının nəzərə alındığını deyib. Uşağa görə 8 il cəza istəyirsə, uşaqsız olsa neyləyəcəkdi? Ölüm cəzası kəsəcəkdi?
Azərbaycanda hüququ, dövləti, qanunçuluğu bu dərəcədə tapdalamayın, yoldaş yapokratlar. İnandığınız avro və dollar haqqı, axırda bunun bəlası daha çox öz başınızda çatlayacaq. Proletariata nə var ki, onun itirməyə onsuz da zəncirdən başqa bir şeyi qalmamışdır.
Əslində bilirəm eşidən olmayacaq, çünki eşitməyə görə pul verilmir. Gəlin sizə polisin aprelin 12-də Göyçayda “nurçulara” qarşı apardığı əməliyyatdan bir rəsmi məlumatı göstərim. Sitat: “Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Z.Məmmədovun evinə baxış zamanı ”Nurçu” dini təriqətinə aid yayılması qadağan olunmuş 545 ədəd “Risaleyi Nur” kitabı, broşuralar, 61 ədəd disk, 1 ədəd silah üçün optik nişangah, 1 ədəd suvenir xəncər, 1 ədəd avtomat patronunun başlığı, 1 ədəd yaddaş kartı, 2 ədəd mobil telefon yaddaş kartı, 27 ədəd tir hədəfi, 1 dəst hərbi geyim və 1 ədəd dünyanın fiziki xəritəsi aşkar edilərək götürülüb”.
Diqqət eləsəniz, məlumatdakıların əslində hamısı boş şeylərdir, polis də özünü Kərbəlayı Zal kimi aparır. Ancaq sonuncu lap superdir. Bir də oxuyun, böyük hərflə yazıram, halbuki mən nadir hallarda yazıda (elə həyatda da) sözü böyüdürəm: “DÜNYANIN FİZİKİ XƏRİTƏSİ AŞKAR EDİLİB GÖTÜRÜLMÜŞDÜR”.
20 il bundan qabaq yapokratiya ölkəni pəncəsinə təzə-təzə keçirdəndə bir baş prokuror var idi, “Əli Ömərov” kimi oksümoron ad daşıyırdı. Bu Ömərov AXC-nin zirzəmisindən zolaqlı əsgər köynəyi çıxardıb ağzı-burnu-qulağı köpüklənə-köpüklənə televizorda nümayiş etdirirdi: “Tərəfimizdən telnyaşkalar aşkar edilmişdir”.
Yerin məlum, Əli məllim. İndi dünyanın fiziki xəritəsini yığırlar.