Medianews.az
Azərbaycanda işləyən əhali niyə ikinci iş axtarır? – 
230 baxış

Azərbaycanda işləyən əhali niyə ikinci iş axtarır? –  Səbəblər AÇIQLANDI

Əmək bazarında diqqətçəkən tendensiyalardan biri də əməkdaşların əsas işlərindən əlavə, əlavə qazanc mənbələri axtarmasıdır. Bir çox hallarda vətəndaşlar tək maaşla gündəlik xərclərini qarşılaya bilmədikləri üçün ikinci, hətta üçüncü işlə məşğul olmağa məcbur qalırlar. Bu vəziyyət həm həyat səviyyəsinə, həm də işçilərin fiziki və psixoloji vəziyyətinə təsirsiz ötüşmür. Əmək bazarında bu cür çoxşaxəli məşğulluğun artması iqtisadi reallıqların göstəricisi kimi qiymətləndirilir. Əlavə iş axtaranların sayının artması əməkhaqqının yetərsiz olmasından xəbər verirmi? Mövcud şəraitdə əmək bazarında balansı bərpa etmək üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Medianews-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, əməkdaşların əlavə qazanc mənbələri axtarması çox vaxt əməkhaqqının real həyat xərclərinə uyğun gəlmədiyini göstərən mühüm siqnaldır.

Ekspertin sözlərinə görə, xüsusilə inflyasiyanın yüksəldiyi və yaşayış xərclərinin artdığı dövrlərdə tək maaşın kifayət etməməsi insanları ikinci və üçüncü işlərə yönəldir:

“Bu isə yalnız fərdi seçim deyil, daha çox iqtisadi zərurət kimi ortaya çıxır. Belə halların artması onu deməyə əsas verir ki, əmək bazarında təklif olunan maaş səviyyəsi bir çox sahələrdə minimum yaşayış standartlarını qarşılamaqda çətinlik çəkir. Eyni zamanda, çoxşaxəli məşğulluğun genişlənməsi işçilərin fiziki və psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Uzun iş saatları, istirahət imkanlarının məhdudlaşması və davamlı yorğunluq məhsuldarlığın azalmasına, hətta uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər. Bu isə nəticə etibarilə həm işçi, həm də işəgötürən üçün əlavə risklər yaradır”.

İqtisadçı qeyd edib ki, mövcud şəraitdə əmək bazarında balansın bərpası üçün ilk növbədə əməkhaqqının real iqtisadi şərtlərə uyğunlaşdırılması vacibdir:

“Minimum əməkhaqqının və orta maaşların yaşayış minimumu və inflyasiya ilə daha sıx əlaqələndirilməsi bu istiqamətdə əsas addımlardan biridir. Bununla yanaşı, məhsuldarlığın artırılması, yüksək dəyər yaradan sahələrin inkişafı və iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması da mühüm rol oynayır.

Digər tərəfdən, qeyri-rəsmi məşğulluğun azaldılması və sosial təminat sisteminin gücləndirilməsi işçilərin əlavə iş axtarma ehtiyacını müəyyən qədər azalda bilər. Təhsil və peşə hazırlığı proqramlarının inkişafı isə insanların daha yüksək gəlirli sahələrə keçid imkanlarını artırar. Dövlət və özəl sektor arasında koordinasiyalı siyasət aparılarsa, əmək bazarında daha dayanıqlı və balanslı mühit formalaşdırmaq mümkündür”.

İqtisadi Təhlil İnstitutunun rəhbəri, iqtisadçı-ekspert Məmməd Talıblı da mövzu ilə bağlı fikirlərini saytımızla bölüşüb. 

Onun sözlərinə görə, dövlətin əsas iqtisadi strategiyaları sırasında davamlı iqtisadi artımın təmin edilməsi, tam məşğulluğa nail olunması, gəlir bərabərsizliyinin azaldılması və digər mühüm amillər nəzərə alınır:

“Biz yalnız vətəndaşların işlə təminatı məsələsinə toxunuruq. Amma işsizliyin azaldılması və məşğulluğun təmin olunması məsələsinə bəzən yanlış yanaşılır. Əslində, bir ölkədə 3-5 faiz səviyyəsində işsizlik çox yaxşı makroiqtisadi göstərici hesab olunur. Lakin bizdə işlə təmin olunmaya az qala həyati səadət kimi baxılır. Halbuki mövcud reallıqlar çərçivəsində bir insanın 2, bəzən isə 3 yerdə işləyərək ailəsini birtəhər dolandırması onu xoşbəxt ailə başçısı etmir. O gəliri əldə edənə qədər yaşadığı əsəbi gərginlik, psixoloji yüklənmə, stress dolu həyat və mənəvi-psixoloji balansın pozulması kimi amillər isə çox vaxt nəzərə alınmır. Halbuki bu təsirlər sonradan özünü daha aydın şəkildə göstərir.

Bu məqamda filosof Platonun məşhur fikri yada düşür: “İnsanlar əvvəl pul qazanmaq üçün sağlamlıqlarını itirir, sonra isə itirdikləri sağlamlıqları geri qaytarmaq üçün pullarını xərcləyirlər”. Bizdə də oxşar vəziyyət müşahidə olunur.

Hazırda inkişaf etmiş ölkələrdə yeni bir tendensiya formalaşır, gündəlik 5-6 saatlıq iş rejiminə keçidə üstünlük verilir. Bizdə isə insanlar bəzən 10-12 saat işləməyə məcbur qalırlar. Açığı, bunu mən işləmək və dəyər yaratmaq deyil, daha çox özünüistismar kimi qiymətləndirirəm.”

Oğuz Ayvaz
Medianews.az

Bizə qoşulun