İsrail ordusunun əsgərinin İsa peyğəmbərin heykəlini dağıtması qalmaqala səbəb olub.
Medianews.az xəbər verir ki, hadisə Livanın cənubunda xristianların yaşadığı Debel kəndində baş verib. İsrail ordusu bu kənddə “Hizbullah” qruplaşmasına qarşı əməliyyat aparıb. İsraillə “Hizbullah” arasında atəşkəs əldə olunandan bir neçə gün sonra çəkilmiş foto isə sosial mediada geniş müzakirə doğurub.
Fotoda İsrail əsgərinin İsa peyğəmbərin çarmıxa çəkilmiş heykəlini aşırıb kuvaldla heykəlin başından zərbə endirdiyi görünür.
İsrail ordusu fotonun həqiqiliyini təsdiqləyib, əsgərin davranışının ordunun dəyərlərinə zidd olduğunu vurğulayıb, insidenti araşdırıb tədbir görəcəyini və heykəlin bərpası işində yerli xristian icmasına dəstək verəcəyini vəd edib.

Xatırladaq ki, fevralın sonunda ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. Mart ayında “Hizbullah” İrana dəstək verərək Livandan İsrailə hücuma keçib, buna cavab olaraq İsrail ordusu Livanın cənubunda hərbi əməliyyatları genişləndirib. İranla müharibədə beş həftə sonra atəşkəs əldə olunub. Bir neçə gün sonra “Hizbullah”la İsrail arasında da atəşkəs elan edilib. Atəşkəs qüvvədə olsa da, tərəflər arasında insidentlər davam edir.