Medianews.az
Doğrudanmı ən dadlı mal-qoyun əti Azərbaycandadır?
254 baxış

Doğrudanmı ən dadlı mal-qoyun əti Azərbaycandadır?

Bir çoxlarında belə bir fikir var ki, ən dadlı mal və qoyun əti Azərbaycandadır. Nəinki Avropada və digər qitələrdə, hətta qonşu ölkələrdə belə mal, qoyun ətindən hazırlanan xörəkləri dadanların bir çoxu hesab edir ki, heç bir yerdə ət bizdəki dadı vermir.

Bu, sadəcə ölkədəki dad-tama vərdişkarlığın nəticəsidir, yoxsa həqiqətən ən dadlı mal və qoyun əti Azərbaycandadır? Niyə xarici ölkədə qidalananda mal-qoyun əti azərbaycanlılara vətəndəki qədər dadlı gəlmir?

Mövzu ilə bağlı Medianews.az-a danışan Əməkdar mədəniyyət işçisi, kulinariya mütəxəssisi Tahir Əmiraslanov bildirib ki, Azərbaycanda maldarlığın min illərlə tarixi var: “Tovuz rayonu ərazisindəki Göytəpə qazıntıları göstərir ki, biz 8 min il əvvəl də ev heyvanlarının ətindən istifadə etmişik. Qazıntılar zamanı ev quşlarının, iribuynuzlu, xırdabuynuzlu mal-qaranın sümükləri tapılıb. Min illər, yüz illər boyu Azərbaycanda heyvandarlığın yerli iqlimə uyğun dadlı cinsləri yetişdirilib. Qobustan qayalıqlarında heyvanın hansı hissəsindən hansı yeməyin hazırlandığını əks etdirən, azı 12 min il əvvələ aid təsvirlər var. Yəni o dövrdə Qobustanda kulinariya məktəbi olub. Bu, böyük bir ənənədir.

Amma başqa ölkələrdə də dadlı heyvan ətinin olduğunu qeyd etmək gərəkdir. Məsələn, Monqolustan qoyunlarının növü, əti Azərbaycandakına bənzəyir, dadı demək olar eynidir. Çox gözəl, dadlı heyvanları var”.

T.Əmiraslanovun sözlərinə görə, Azərbaycanda yerli heyvanların əti uzun bir dövr ərzində bizdə özünəməxsus dad formalaşdırıb, ona uyğunlaşmışıq: “Bundan kənara çıxan dadı qəbul edə bilmirik. Ona görə, əlbəttə ki, yerli heyvanların əti bizim üçün daha yaxşıdır. Həm də uzaqdan gələn ət bizim bədənimizə düzgün informasiya ötürmür. Nəticədə bədən xəstəliyə meyllənir. Yerli heyvanların və bitkilərin tərkibi, verdiyi informasiya bizim orqanizmimizə uyğundur. Dörd yüz kilometr radiusda yetişən hər bir şey bizə uyğundur. Bundan bir az uzaqlaşan kimi ən yaxşı məhsul belə bizə zərər verməyə başlayır. Məsələ bununla bağlıdır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Medianews.az-a deyib ki, inkişaf etmiş ölkələrin əksərində, bəlkə də 98 faizində yemək hazırlayan müəssisələrə mal-qoyun əti dondurulmuş şəkildə gəlir: “Məsələn, mən Amerikada kabab bişirmək üçün qoyun əti axtardım. Uzun axtarışdan sonra bir yerdə tapdım, o da dondurulmuş idi, kiloqram yarımına təxminən 100 dollara yaxın pul verdim. Heç dadı-tamı yox idi.

Mən özüm qoyun ətinin həvəskarıyam. Xaricdə ən dadlı qoyun ətini Yeni Zelandiyada yemişəm. Orada qoyunlar qış şəraitində saxlanmır, daim otlaqlardadır. Həmçinin otlaqlar süni deyil, təbiidir. Heyvanlar açıq şəraitdə saxlanır”.

E.Hüseynov qeyd edib ki, Azərbaycanda mal-heyvan, xüsusən qoyun ətinin dadı regionlardan asılı olaraq fərqlənir: “Şoran torpaqlarda yetişdirilən mal-qaranın, qoyunların əti daha dadlıdır. Misal üçün, Muğan zonasında, Beyləqanda qoyun əti dağlarda yetişdiriləndən daha dadlıdır. Əlbəttə ki, heyvanın cinsinin də rolu mühüm əhəmiyyət daşıyır. Birmənalı şəkildə deyə bilərik ki, merinos qoyunlarının əti dadsızdır, bərk olur. Cins məsələsi mal-qara əti üçün də keçərlidir.

Yerli qoyun ətini bişirəndə dadlı alınmasının əsas səbəblərindən biri istehsal müəssisəsinə dondurulmadan çatdırılmasındadır. Sözsüz ki, insanların ağız dadı məsələsi də var. Dünyanın müxtəlif yerlərindən qonaqlarım olub. Azərbaycanda yetişdirilən qoyunun, mal-qaranın ətini həmişə bəyəniblər. Ancaq onu da qeyd edim ki, bizdəki qoyunlar dünyanın ən çirkli qoyunlarıdır. Mən Azərbaycandakı qədər yunu çirkli qoyun-quzu görməmişəm. Bəzən o kirin iyi ətə də keçir, belə olan halda görürsən ki, bəzi insanlar həmin əti yeməkdən çəkinirlər. Azərbaycanda saxlanan mal-qara da çox çirkli olur. Tutalım, Avstraliyada, Zelandiyada belə deyil. Oralarda heyvanlar tərtəmiz olur”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun