Dörd ildən çoxdur davam edən müharibədə ilk dəfə olaraq Ukrayna pilotsuz döyüş avadanlıqları – PUA-lar və yerüstü robotlar vasitəsilə Rusiya ordusunun mövqeyini ələ keçirib. Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. O bildirib ki, əməliyyat piyadaların iştirakı olmadan reallaşdırılıb, beləliklə, Ukrayna ordusu canlı itki vermədən Rusiya ordusunun hərbçilərini döyüş mövqeyində təslim olmaq məcburiyyətində qoyub.
Dronlar, yəni pilotsuz uçuş avadanlıqları dünyada müharibələrin gedişini xeyli dəyişib. İndi belə çıxır ki, robot döyüşçülər, yəni yerin üstündə pilotsuz, kənardan idarə olunan avadanlıqlar da döyüş meydanına atılır.

Dronlarla robotların birgə iştirakı gələcək müharibələri hara aparır? Gələcəkdə müharibələr, fantastik janrda çəkilmiş bəzi bədii filmlərdə gördüyümüz kimi, sırf dronlarla robotların birgə həyata keçirdiyi hərbi əməliyyatlara çevrilə bilərmi? Ukraynada baş verən hadisəyə hər bir dövləti, o cümlədən Azərbaycanı öz arsenalını təkcə dronlarla deyil, həm də yerin üstündə hərəkət edən pilotsuz döyüş avadanlıqları, robotlarla təchiz etmək üçün yeni bir çağırış kimi baxmaq olarmı?

Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki, Rusiya-Ukrayna müharibəsi müasir müharibənin gedişində çox ciddi dəyişikliklərə səbəb olub: “Ümumiyyətlə müharibələrin fəlsəfəsi dəyişib. Ukrayna ucuz qiymətə başa gələn dronları ilə Rusiyaya qarşı mübarizəsini davam etdirir. Məlum olur ki, indiki dövrdə təkcə havada yox, yerdə də dronlarla müharibə aparmaq mümkündür. Bununla bağlı zamanında Azərbaycana da təkliflər verilib. Çünki yerüstü dronlar canlı qüvvə itkisini sıfıra endirə bilir. Ona görə də hesab edirəm ki, indiki mərhələdə yerüstü dronlara çox ehtiyac var.
Burada indiyə qədər döyüşlərdə istifadə edilməyən, lakin artıq mövcudluğu məlum olan, Çində istehsal edilmiş humanoid robotlardan da danışmağa dəyər. Bu yaxınlarda Hindistan bir video yaydı. Videoda Çinlə sərhəddə humanoidlər görünür. Faktiki olaraq canlı qüvvə itkisini sıfıra endirmək məqsədilə bu tip vasitələrdən istifadəyə başlayıblar”.

Hərbi ekspertin sözlərinə görə, tarix göstərir ki, müharibə nə qədər qanlı, ağrılı proses olsa da, texnologiyaların inkişafında da rol oynayır: “Müharibələrə həm də sınaq meydanı kimi baxılır. Müharibə zamanı icad edilən bəzi texnologiyalar sonradan mülki həyata da tətbiq olunur. Məsələn, Çində və bir çox ölkədə poçt və daşımalar məqsədilə dronlardan istifadə edildiyi məlumdur. Gələcəkdə müharibələrdə istifadə olunan yeni texnoloji vasitələrin də mülki sahəyə inteqrasiya olunacağı gözlənir. Keçmiş tarix buna sübutdur.

2020-ci ildə Azərbaycan 44 günlük müharibədə müasir müharibələrin əsasını qoydu desək, yanılmarıq. Düzdür, o ilk qığılcım sayılırdı. Müxtəlif ölkələrin istehsalı olan dronlar vasitəsilə kommunikasiyanın qurulması və zərbə endirilməsi prosesi həyata keçirilirdi. Lakin ötən qısa müddət ərzində müharibələr yeni fərqli məcraya çıxıb. Xüsusən Ukraynanın hərbi əməliyyatları, antidron sistemlərinin təkmilləşdirilməsi ilə bağlı atdığı addımlar, bundan əlavə Rusiyanın özünün də yerüstü dronlarla bağlı müxtəlif sınaqlar keçirməsi dövrün, müharibə fəlsəfəsinin sürətlə dəyişdiyindən xəbər verir. Biz də bu reallıqlarla ayaqlaşmalıyıq. Bəli, bizim müharibədə dronlardan istifadə təcrübəmiz var. Bununla belə, ölkəmiz dünyada baş verən müharibələri ciddi şəkildə təhlil etməlidir və yalnız uçan yox, yerin üstündə hərəkət edən pilotsuz vasitələrə də diqqət yetirilməldir. Gələcəyin müharibələri məhz bu formada olacaq. ABŞ və İsrailin İrana qarşı son müharibəsi göstərdi ki, raketlər də son dərəcə vacibdir. Bu baxımdan ölkəmiz paralel olaraq raket buraxılışı qurğularının sayını da ciddi şəkildə artırmalıdır”.
Nailə Qasımova,
Medianews.az