Medianews.az
Qiymət artımı sürətlənir:
273 baxış

Qiymət artımı sürətlənir: Əhali üçün hansı risklər var?

Son dövrlərdə qiymətlərin davamlı artımı və paralel olaraq vergi yükünün yüksəlməsi, əhalinin real gəlirlərinin azalması ilə birləşərək ictimai rifaha mənfi təsir göstərir. Bu tendensiya ailə büdcələrinin balanslaşdırılmasını çətinləşdirir və gündəlik xərclərin idarə olunmasında problemlər yaradır. Dövlətin iqtisadi siyasəti bu vəziyyətin yüngülləşdirilməsində hansı rol oynaya bilər və gəlir və xərclər arasındakı tarazlığın qorunması üçün hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, qiymət artımı ailə büdcəsinə ciddi təsir göstərərək xərclərin yüksəlməsinə səbəb olur.

Onun sözlərinə görə, bəzi ailələr gündəlik tələbatlarını qarşılamaqda çətinliklə üzləşir:

“2026-cı ildə müəyyən artımlar müşahidə olunub: həm orta aylıq əməkhaqqı, həm də pensiyaların indeksasiyası təxminən 9,9 faiz təşkil edib. Bu artımlar qiymət yüksəlişinin yaratdığı təzyiqi qismən balanslaşdırmağa kömək etsə də, problemi tam aradan qaldırmır”.

E.Kərimli əlavə edib ki, dövlətin sosial siyasəti çərçivəsində müxtəlif proqramlar həyata keçirilir:

“Özünüməşğulluq proqramları, işsizlik müavinətləri, aztəminatlı ailələr üçün sosial yardımlar bu istiqamətdə mühüm dəstək rolunu oynayır. Bu cür proqramlar işsiz şəxslər, aztəminatlı ailələr üçün dəstək rolunu oynayır.

İnflyasiya qlobal xarakter daşıyır və bəzi hallarda gəlir artımını üstələyir. Buna görə də qiymət artımının qarşısını almaq və onun sürətini azaltmaq üçün dövlət tərəfindən mütəmadi tədbirlər görülür. İnflyasiyanın qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilməlidir ki, qiymət artımı sürətli getməsin. Bunun üçün də müxtəlif mexanizmlər mövcduddur”.

Oğuz Ayvaz

Medianews.az

Bizə qoşulun