Azərbaycanda uşağa qarşı fiziki və psixoloji zorakılıq tətbiq edən valideyn, müəllim və digər məsul şəxslər 200 manat məbləğində cərimələnəcək. Yeni qaydalar Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən maddədə öz əksini tapıb. Müəllimlərin və valideynlərin cərimələnməsi uşaqlara qarşı zorakılığın qarşısını almaqda nə dərəcədə effektiv olacaq? Bu cür qərarlar tərbiyə prosesində münasibətləri daha da gərginləşdirə və yeni problemlərə yol aça bilərmi?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca deyib ki, müəllimlərin davranış qaydalarını pozduğuna görə cərimələnməsi məsələsi təhsilin mahiyyəti və müəllim nüfuzu baxımından olduqca həssas və mübahisəli bir yanaşmadır.
Onun sözlərinə görə, inzibati cərimə mexanizmi nəzəri olaraq nizam-intizamın tənzimlənməsi üçün bir alət kimi görünsə də, pedaqoji mühitdə bu, müəllimlər arasında əlavə psixoloji gərginlik yarada və onların təşəbbüskarlığını məhdudlaşdıra bilər:
“Müəllimin öz fəaliyyətində cərimə qorxusu ilə hərəkət etməsi, onun şagirdlərlə sərbəst və yaradıcı ünsiyyət qurmasına, sinifdə sağlam mühit yaratmasına ciddi maneələr törədə bilər. Təhsil sistemi birbaşa insan psixologiyası və inkişafı ilə bağlı olduğu üçün burada inzibati cəzadan çox, etik və korporativ standartların təşviqi daha effektiv nəticə verə bilər”.
Təhsil eksperti qeyd edib ki, Qazaxıstanın tətbiq etdiyi model isə məsələyə tamamilə fərqli bir rakursdan yanaşır və diqqəti müəllimin nüfuzunun qorunmasına yönəldir:
“Şagird və ya valideynin müəllimə qarşı hörmətsizliyinə görə məsuliyyət daşıması, məktəb mühitində qarşılıqlı hörmətin bərqərar olmasına və müəllimin özünü daha güvəndə hiss etməsinə şərait yaradır. Təhsilin keyfiyyəti birbaşa müəllimin özünü cəmiyyətdə nə qədər dəyərli və qorunan hiss etməsindən asılıdır. Müəllimi cərimələməkdənsə, onun nüfuzunu sarsıdan hərəkətlərin qarşısının alınması üçün hüquqi çərçivə yaratmaq daha məqsədəuyğundur”.
Ş.Qoca sonda vurğulayıb ki, təhsil sistemində asayişin və intizamın təmin olunması üçün hər iki tərəfin – həm müəllimin, həm də şagirdin – öz məsuliyyətini və hüquqlarını dəqiq bilməsi vacibdir:
“Müəllimin cərimələnməsi bəlkə də müvəqqəti olaraq nizam-intizamı formalaşdıra bilər, lakin bu, uzunmüddətli perspektivdə müəllim-şagird münasibətlərində soyuqluq və etimadsızlıq yaradacaq. Əsl çıxış yolu müəllimin peşəkar nüfuzunu qoruyan, onun şagirdlər və valideynlər qarşısında mövqeyini gücləndirən bir mühitin formalaşdırılmasından keçir. Belə bir yanaşma məktəbi qorxu mühitinə deyil, qarşılıqlı hörmət və əməkdaşlıq platformasına çevirməyə kömək edər”.
Oğuz Ayvaz,
Medianews.az