İspaniya çempionatının ikinci divizionunda baş tutan "Almeriya" ilə qarşılaşmada "Qranada"nın və Əlcəzair milli komandasının qapıçısı Luka Zidan ağır zədə alıb.
Medianews.az xəbər verir ki, gənc qolkiperin həm beyni silkələnib, həm də çənəsi sınıb.
Bazar günü Qranada şəhərində keçirilən 37-ci turun matçı qonaqların 2:4 hesablı qələbəsi ilə yekunlaşıb. Luka Zidan isə aldığı ciddi zədə səbəbindən oyunun sonlarında meydanı tərk etmək məcburiyyətində qalıb.
"Luka Zidanın "Almeriya"ya qarşı matçda keçirdiyi beyin silkələnməsindən sonra aparılan tibbi müayinələr qapıçının çənəsində də sınıq olduğunu aşkar edib", - deyə "Qranada" klubunun mətbuat xidmətinin yaydığı rəsmi məlumatda qeyd olunub.
Hazırda 27 yaşlı futbolçunun yaşıl meydanlara nə vaxt dönəcəyi və dəqiq bərpa müddəti barədə məlumat verilmir.
Qeyd edək ki, Luka Zidan dünya və Avropa çempionu, "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidanın oğludur. Bir müddət əvvəl kiçik Zidan idman vətəndaşlığını Fransadan Əlcəzairə dəyişərək Afrika ölkəsinin milli komandasında çıxış etməyə başlayıb.
Məlumat üçün bildirək ki, 2026-cı il dünya çempionatının qrup mərhələsində Əlcəzair yığması Argentina, Avstriya və İordaniya komandalarına qarşı mübarizə aparacaq.//Oxu.Az