Medianews.az
Zəngəzurda dəmiryol xəttini ABŞ deyil, Azərbaycan bərpa edə bilər –
188 baxış

Zəngəzurda dəmiryol xəttini ABŞ deyil, Azərbaycan bərpa edə bilər – Ekspert

Məlum olduğu kimi, avqustun 8-də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə birgə bəyannamə imzalayıb sərhədlərin toxunulmazlığı, ərazi əldə olunması üçün güc tətbiqinin yolverilməzliyi əsasında qonşuluq münasibətlərinin qurulması öhdəliyi götürüb, iki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar.

Vaşinqtonda həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən, Ermənistandan keçən dəhlizin yaradılması razılaşdırılıb. Bu layihə ABŞ-ın patronajlığı ilə gerçəkləşəsidir.

Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib ki, Zəngəzur dəhlizində dəmiryol xəttinin bərpası üçün Ermənistan ABŞ-la danışıqlar aparacaq: “Bu da vaxtın uzanması deməkdir. 42 kilometrə yaxın dəmiryol xəttinin çəkilməsi prinsipcə çətin proses deyil. Uzun illər Zəngəzurda dəmiryol xətti işlək olub. Həmçinin bu dəmiryolu Azərbaycanın mülkiyyətində olub. Birinci Qarabağ müharibəsində Ermənistan yol infrastrukturunu söküb. Buna baxmayaraq yolu bərpa etmək imkanları var”.

M.Əsədullazadənin fikrincə, Ermənistan hakimiyyəti ABŞ-la deyil, Azərbaycanla bu məsələdə danışıqlar aparıb, yolun tez bir vaxtda çəkilməsinə nail ola bilər: “Azərbaycan Ermənistanla sərhədə qədər dəmiryolunu bərpa edib. Qalan 42 kilometrlik dəmiryolunu Azərbaycanın altı aya bərpa etməsi mümkündür. Bunun üçün tam resurslarımız var. Amma Ermənistan və ABŞ arasında bu müstəvidə danışıqlar aparılsa, proses iki ilə yaxın çəkəcək. Azərbaycan Ermənistana müraciət edib, dəmiryolunun birgə cəkilməsini təklif edə bilər”.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun