Medianews.az
Zəngəzur layihəsi baş tutmaya bilərmi?
85 baxış

Zəngəzur layihəsi baş tutmaya bilərmi?

ABŞ və İran arasında son müharibə dönəmində bəzi ekspertlər bildirirdilər ki, TRİPP layihəsi arxa plana keçdi. Yəni regiondakı münaqişə Zəngəzur dəhlizi kimi strateji bir layihəni gündəmdən çıxaracaq. Hətta yaranmış situasiyadan istifadə edən Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Robert Köçəryan TRİPP layihəsinə etiraz etmişdi. O, mediaya açıqlamasında TRİPP xəttinin Azərbaycanın və Türkiyənin maraqlarına xidmət etdiyini bildirmişdi.

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da oxşar sayıqlamalar etmişdi. Eyni mənbədən təlimatlar alan həmin zatıqırıq da bildirmişdi ki, hakimiyyətə gəlsələr, bu müqaviləyə yenidən baxacaqlar. İrandakı bəzi anti-Azərbaycan qüvvələr də oxşar mövqeyi sərgiləmişdilər. Həmçinin Rusiyanın çirklənmiş teleməkanında Zəngəzur layihəsi ilə bağlı qərəzli fikirlər tirajlanırdı.

Amma, lakin Amerikanın belə strateji layihədən heç vəchlə vaz keçməyəcəyi bəllidir. Hakimiyyətdə Donald Tramp və yaxud başqa bir şəxs olsun, ABŞ-ın maraqları diktə edir ki, Azərbaycanla bərabər region üçün strateji əhəmiyyət kəsb edən layihədə iştirak etsin.

Əslində bu layihə hamı üçün, hətta Rusiya üçün faydalıdır. Amma şimal qonşumuzun imperiya xəstəliyi ondan ibarətdir ki, Cənubi Qafqazı arxa bağçası hesab edərək, Zəngəzur dəhlizinə nəzarət etmək istəyir. Bu isə mümkünsüzdür.

TRİPP layihəsi ilə bağlı ABŞ-ın dövlət katibi Marko Rubionun son fikirlərinə rast gəldim. O, Senatda xarici əlaqələr komitəsində dinləmələr zamanı deyib: “Hazırda bu işdə biz çox fəal iştirak edirik. Bu, sözün əsl mənasında Amerikanın, eləcə də Ermənistan, Azərbaycan və digər region ölkələrinin xeyrinədir”.

Bütün bunlar onu göstərir ki, heç bir qüvvənin bu nəhəng marşrutu əngəlləyə biləcəyi ehtimalı yoxdur. ABŞ daxil olmaqla digər iştirakçı ölkələr də bu layihəyə davamlı dəstək göstərəcək.

Əkrəm Bəydəmirli

Bizə qoşulun