Qüsurlu məhsul təmirə göndərildikdə, həmin müddətin zəmanət vaxtına necə təsir göstərdiyi barədə yanlış yanaşmalar istehlakçılar üçün hüquqi problemlər yaradır. Bu barədə redaksiyamıza şikayət daxil olub.
Bəs qanunvericiliyə əsasən, malın təmirdə olduğu vaxt zəmanət müddətinə necə təsir etməli və istehlakçının hüquqları necə qorunmalıdır?
Mövzu ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, bəzi satıcılar malın zəmanət müddəti ilə bağlı istehlakçıları aldadır:
"Malda qüsur aşkar edildikdə və o, satıcı tərəfindən təmirə göndərildikdə, məsələn, təmir iki ay davam edibsə, həmin iki aylıq müddəti zəmanət müddətinə daxil edirlər. Lakin bu tamamilə qanunsuzdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 6.4-cü bəndinə əsasən, zəmanətli təmir aparılarkən malın zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Məsələn, mal iki ay təmirdə olubsa, artıq zəmanət müddəti bir il deyil, bir il iki ay kimi uzadılmış sayılır".
Vəkil deyib ki, mal ümumiyyətlə dəyişdirildikdə isə zəmanət müddəti dəyişdirilmə günündən yenidən hesablanmalıdır:
"Tutaq ki, mal on aydan sonra xarab olur, satıcı onu iki ay təmir edir və sonra istehlakçıya qaytarır. İstehlakçı istifadə edir və yenidən qüsur yaranır. Bu zaman satıcı iddia edir ki, artıq bir illik zəmanət müddəti verilib və iki ay da təmirdə olub, bu da on iki ay edir. Əslində isə bu qanunsuzdur, çünki təmirdə olduğu müddət zəmanət müddətinə daxil edilmir və həmin müddətdə zəmanət müddətinin axımı dayanır. Buna görə də istehlakçının təmir müddəti qədər əlavə zəmanət hüququ saxlanılır",- deyə o qeyd edib.
03.07.2026, 06:42
111
baxış
Zara Editor