Bu ilin ilk rübündə Bakının kirayə mənzil bazarında (həm yeni, həm də köhnə tikililərdə) qiymətlər bahalaşmışdı. Bəs hazırda vəziyyət necədir? Yay mövsümünün başlanması kirayə bazarına təsir edibmi? Ali təhsil ocaqlarında tədris ilinin başa çatması və tələbələrin bir qisminin rayonlara qayıtması fonunda kirayə mənzillərə tələbat azalıbmı? Bu amil qiymətlərdə hər hansı dəyişikliyə səbəb olubmu?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, daşınmaz əmlak investisiya baxımından elə bir prioritetə çevrilib ki, indi yay aylarında da kirayə və satış qiymətlərində azalma müşahidə olunmur: “Artıq kirayədə qalan tələbələr yay mövsümündə əvvəlki kimi davranmırlar. Onların əksəri həmin mənzillərin kirayəsini saxlayırlar. Bəzi tələbələr uyğun iş tapıb Bakıda qalmaqla büdcələrini artırır, ya da müxtəlif kurslara gedərək bacarıqlarını inkişaf etdirirlər və beləcə paytaxtda kirayələdikləri mənzillərdə yaşamağa davam edirlər. Bəzi tələbələr isə yeni tədris ili başlananda, yəni sentyabrda kirayə problemi, o cümlədən daha yüksək qiymətlə qarşılaşmasınlar deyə yay dövründə də kirayə mənzili saxlamalı olurlar. Bu baxımdan kirayə evlərin çoxu əslində boşalmır.
Artıq yayda qiymətlərin ucuzlaşmasından və yaxud kirayə mənzil bolluğundan söhbət gedə bilməz. Sadəcə, bu dövrdə daha kəskin bahalaşma baş vermir. Bahalaşma tendensiyası avqustun sonları, sentyabrın əvvəllərinə təsadüf edir. Daşınmaz əmlak bazarının kirayə seqmentindəki mövsümi bahalaşma daha çox tələbə müraciətləri ilə bağlı olacaq”.

Vüqar Orucun sözlərinə görə, köhnə binalarda vəziyyət bir qədər fərqlidir: “Köhnə binalardakı mənzilləri kirayə vermək yeni tikililərə nisbətən çətindir, çünki alıcılar daha çox yeni binalara üstünlük verirlər. Ona görə də yay mövsümündə köhnə binalarda bəzən xüsusi endirimlər və güzəştlər olur. Amma bu da ciddi ucuzlaşma demək deyil. Çünki qarşıda qiymətlərin "alovlanacağı", yəni artacağı avqust və sentyabr ayları var. Bütün gözləntilər məhz həmin aylara yönəlib.
Ali təhsil müəssisələrinin binalarına, metro stansiyalarına, avtobus dayanacaqlarına yaxın, nəqliyyat əlçatanlığı yüksək mənzillər həmişə prioritet olub. İndi yay olsa da, belə mənzillərin qiymətində hər hansı enmə müşahidə edilmir. Ümumiyyətlə, hazırkı vəziyyətdə daşınmaz əmlak bazarının demək olar heç bir seqmentində (istər satış, istər kirayə olsun, obyekt, mənzil və ya fərdi yaşayış evləri...) qiymət azalmasından söhbət gedə bilməz. Çünki mövcud iqtisadi şərtlər qiymətlərin artmasını şərtləndirir”.
Nailə Qasımova,