Uels şahzadəsi Keyt Middlton bu il də Uimbldon Çempionatı çərçivəsində diqqət mərkəzində olub.
Medianews.az xəbər verir ki, şahzadə turnirin ilk günlərində Uimbldon Parkında bilet almaq üçün növbədə gözləyən tennis həvəskarları ilə görüşərək onlara şəxsən giriş biletlərini təqdim edib.
Keyt Middlton azarkeşlərlə səmimi söhbət edib, onlarla xatirə şəkilləri çəkdirib və xüsusilə uşaqlara xüsusi diqqət göstərib. Onun istiqanlı davranışı iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb və sosial şəbəkələrdə geniş müzakirə olunub.
Şahzadə daha sonra turnirin xarici kortlarını ziyarət edərək gənc britaniyalı tennisçi Artur Ferinin oyununu tribunadan izləyib. O, keçmiş tennisçi Tim Henman və Ümumİngiltərə Çəmənlik Tennis və Kroket Klubunun prezidenti Deborah Jevans ilə birlikdə görüşlər keçirib.
Səfər çərçivəsində Keyt Middlton turnirin media mərkəzinə də baş çəkərək yayımların hazırlanması prosesi ilə tanış olub. O, həmçinin fotoqrafiyanı imkansız uşaqlar üçün əlçatan etməyi hədəfləyən "Shine Camera Club" layihəsinin iştirakçıları ilə görüşərək sosial layihələrə dəstəyini nümayiş etdirib.
Şahzadənin açıq mavi kətan kostyumu, ağ bluza və sadə aksesuarlardan ibarət geyimi də moda ekspertlərinin diqqətini cəlb edib.
Qeyd edək ki, Keyt Middlton 2016-cı ildən etibarən Ümumİngiltərə Çəmənlik Tennis və Kroket Klubunun kral himayədarıdır. O, hər il ənənəvi olaraq Uimbldon turnirində iştirak edir və son illərdə Karlos Alkaraz, Yannik Sinner və İqa Sviatek kimi tennis ulduzlarına mükafatları təqdim edib.


