Medianews.az
Yayda sağlam yuxu rejimini
104 baxış

Yayda sağlam yuxu rejimini qorumağın yolları

Yay aylarında günlərin uzanması və axşam saatlarında havanın gec qaralması bir çox insanın yuxu rejiminə təsir göstərir. Gec saatlara qədər davam edən işıq orqanizmin təbii ritmini dəyişdirə, insanın daha gec yatmasına və səhərlər oyanmaqda çətinlik çəkməsinə səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, sağlam yuxu üçün yalnız yorğun olmaq kifayət deyil, bədənin yuxuya hazırlaşması üçün uyğun şərait yaratmaq da vacibdir. Axşam saatlarında parlaq işıq və elektron cihazlardan gələn mavi işıq beyində melatonin hormonunun ifrazını azalda bilər. Rusiya mətbuatı “Çempionat”a açıqlamasında qidalanma mütəxəssisi Viktoriya Kostrova yay mövsümündə yuxu rejimini qorumağın yolları barədə tövsiyələr verib.

Medianews.az Foodinfo.az-a istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, yayda normal yuxu rejimini saxlamaq üçün pəncərənin tam qaralmasını gözləmək düzgün deyil. İnsan özü yatmaq üçün uyğun mühit yaratmalıdır. Bunun üçün yatmazdan təxminən 1-1,5 saat əvvəl otaqdakı işıqları zəiflətmək, telefon və digər elektron cihazlardan istifadənin məhdudlaşdırılması tövsiyə olunur.

Kostrova qeyd edib ki, telefonlarda olan gecə rejimi funksiyası mavi işığın təsirini azaltmağa kömək edə bilər. Yataq otağında qaranlıq, sakit və sərin mühitin yaradılması isə daha keyfiyyətli yuxuya şərait yaradır. Qalın pərdələr, yuxu maskası, otağın havalandırılması və zərurət olduqda qulaq tıxaclarından istifadə rahat yuxu üçün faydalı ola bilər.

Mütəxəssislər vurğulayırlar ki, yay aylarında ən vacib qaydalardan biri hər gün eyni saatlarda yatmaq və oyanmaqdır. Axşam havanın işıqlı olmasına görə yuxu vaxtını davamlı dəyişmək orqanizmin bioloji saatını poza bilər. Nəticədə səhər oyanmaq çətinləşir və gün ərzində yorğunluq hissi artır.

Bundan əlavə, gec saatlarda ağır yeməklər, şirin qəlyanaltılar və spirtli içkilərdən uzaq durmaq məsləhət görülür. Belə məhsullar həzm prosesini çətinləşdirə və yuxunun keyfiyyətinə mənfi təsir göstərə bilər.

Sağlam yuxu yalnız istirahət deyil, həm də orqanizmin bərpası üçün vacib prosesdir. Yay mövsümündə düzgün rejim, uyğun qidalanma və rahat yuxu şəraiti insanın enerjisini qorumasına və gün ərzində daha fəal olmasına kömək edir.

Bizə qoşulun