Medianews.az
Moskvanın bitməyən Qarabağ "dərdi" –
69 baxış

Moskvanın bitməyən Qarabağ "dərdi" – Rusiya səfiri Şuşaya NİYƏ getmişdi?

İkitərəfli pozitiv bəyanatlara rəğmən, Rusiyadan Azərbaycan əleyhinə təxribatlar bitmir. Özü də vaxtaşırı, rəsmi şəxslər və dövlət TV-si səviyyəsində. Belə görünür ki, Kremlin “Qarabağ kartı”ndan həmişəlik əl çəkmək kimi bir niyyəti yox. Bu da növbəti fakt.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qarabağdakı münaqişəyə müdaxilə etməsi qeyri-mümkün idi. Çünki Ermənistanın özü bu ərazini öz torpağı və ya müstəqil dövlət kimi tanımırdı”.

Rusiya Xarici İşlər Nazirliyi (XİN) sözçüsü Mariya Zaxarova belə deyib.

Мария Захарова поблагодарила турецкую сторону за создание комфортных  условий для переговоров с Украиной - АЗЕРТАДЖ

Onun sözlərinə görə, rəsmi İrəvan dəfələrlə təşkilatın köməyini tələb etsə də, bunun hüquqi əsası olmayıb: “Ermənistan deyirdi ki, gəlin KTMT mexanizmini işə salaq. Yaxşı, amma kimə və nəyə qarşı? Ermənistanın özünün belə nə öz torpağı, nə də müstəqil dövlət kimi tanımadığı əraziyə görə? Belə hallarda təşkilatın mexanizmlərini işə salmaq qeyri-mümkündür”.

İlk baxışda qulağa xoş gələ bilər. Amma və lakin...

Əvvəla, belə çıxır ki, əgər işğalçı Ermənistan BMT Təhlükəsizlik Şurasının (TŞ) 4 məlum qətnaməsini (onlara Rusiya da səs verib!) qulaqardı edib oyuncaq qurumu tanısaydı, Moskva Azərbaycana qarşı KTMT mexanizmini işə salacaqdı? Axı o halda da Qarabağa beynəlxalq hüquqa əsasən, Azərbaycan ərazisi sayılacaqdı.

İkinci yandan, Ermənistanın hətta bu gün də qüvvədə olan konstitusiyasına görə, “Dağlıq Qarabağ” hələ 1989-cu ildən Ermənistana “birləşib”. Nə əcəb Rusiya bu “reallığı” əsas götürməyib?

Götürə də bilməzdi, çünki belə bir addım yenə beynəlxalq hüquq normalarına və BMT-nin 4 qətnaməsinə tüpürmək anlamına gələrdi...

Artıq Azərbaycan XİN-ni də məsələyə sərt münasibətini bildirib. XİN-in mətbuat katibi Ayxan Hacızadə Zaxarovanın fikirlərini şərh edərkən deyib ki, bu, növbəti dəfə keçmiş münaqişə ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır. Qeyd edib ki, Qarabağ bölgəsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb: “Bu səbəbdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycanın suveren ərazilərinə münasibətdə tətbiq edilməsi məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdi və bunun Qarabağ bölgəsinin Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı rəsmi mövqeyinə zidd olmaqla yanaşı, tamamilə əsassızdır”.

XİN-dən həmçinin, bildirilib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn tələblərinə uyğun olaraq bərpa edib və bununla keçmiş münaqişə həll olunub...

Əlbəttə ki, belədir. O səbəbə Azərbaycana dost olmayan güclər, dövlətlər də artıq reallıqla barışıb. İşğaldan azad edilən Şuşaya keçmiş Minsk Qrupunun hər üç həmsədr ölkəsinin – ABŞ, Rusiya (Mixail Boçarnikov) və Fransanın səfirləri də baş çəkib. Odur ki, başqa bir sual yaranır: o nə pəhriz, bu nə turşu?

Rusiya səfiri Şuşaya SƏFƏR ETDİ 

Bunu da qeyd eləmək zərurəti var və əsla sirr deyil ki, torpaqlarımızın işğal altına düşməsində və uzun illər belə qalmasında Rusiya əsas rol oynayıb. Ona görə ki, keçmiş konflikt Moskvanın Azərbaycan və Ermənistana əsas təzyiq rıçaqlarından olub. Yəni, 44 +1 günlük müharibədə acı məğlubiyyətə uğradılan təcavüzkar Ermənistanla yanaşı, həm də Rusiyanın özü və digər havadarlar idi. Moskvanın bu mövzunu gündəmə qaytarmaq istəməsinin bir səbəbi də bu.

Ancaq “qatar” çoxdan gedib və geri dönüşü olmayacaq...

Z. SƏFƏROĞLU

Bizə qoşulun