Azərbaycanın “Əmək pensiyaları haqqında” qanununun 7-ci maddəsinə görə, pensiya yaşına çatmış adamın fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.
Ölkədə kişilər 65 yaşda, qadınlar 64 yaş yarımda pensiyaya çıxır. 2026-cı il iyulun 1-dən qadınların da pensiya yaşı 65-ə qalxacaq.
Əmək pensiyasının minimum məbləği 320 manatdır.
Medianews.az bildirir ki, qanun pensiya təyinatı üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı şərti qoyur. Minimum pensiya kapitalı minimum pensiya göstəricisinin (320) gözlənən pensiya ödənişi müddətinin (12 il) aylarının sayına (144) vurulmasından yaranır, hazırda 46080 manatdır.
Ancaq qanunun 22-1-ci maddəsi pensiya şərtini qismən yüngülləşdirir. 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış şəxsin sosial sığorta stajı avtomatik 25 il hesablanır, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat aylıq müavinət verilir.
22-1-ci maddədə o da qeyd olunur ki, 2019-2025-ci illərdə pensiya yaşına çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.
Yəni 2026-cı ilin yanvar ayının 1-dən pensiya yaşına çatmış şəxsin 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-nə qədər olan dövrdə hər hansı məbləğdə pensiya kapitalı və azı 1 il sığorta stajı olduqda ona güzəşt olaraq 24 il sığorta stajı hədiyyə edilir, nəticədə 25 il stajı formalaşmaqla bu əsasda yaşa görə pensiya hüququ yaranır.
Başqa sözlə, 2026-cı ildə pensiya yaşına çatmış şəxs minimum sığorta stajı tələbini tamamlamaq üçün azı 1 il məcburi sığorta ödənişi etmiş olmalıdır.
2027-ci ildə isə minimum sığorta stajı tələbi 2 ilə, 2028-ci ildə 3 ilə, 2029-cu ildə 4 ilə, 2030-cu ildə 5 ilə, 2035-ci ildə 10 ilə yüksələcək.
Toğrul Əli,
Medianews.az