Səhərlər yorğun oyanmaq, gün ərzində tez tükənmək və halsızlıq hissi təkcə stressdən deyil, dəmir çatışmazlığından da qaynaqlana bilər.
Medianews.az xəbər verir ki, bununla bağlı türkiyəli mütəxəssis Sevda Yılmaz xəbərdarlıq edib.
O, qeyd edib ki, bu problem çox vaxt stresslə qarışdırıldığı üçün gec aşkarlanır, lakin sadə analizlə müəyyən edilə bilər.
Həkimin sözlərinə görə, dəmir orqanizmdə oksigen daşınmasında əsas rol oynayır. Onun çatışmazlığı halsızlıq, ürəkdöyünmə, nəfəs darlığı və diqqət pozğunluğu kimi əlamətlərlə özünü göstərir.
Sevda Yılmaz bildirib ki, dəmir çatışmazlığı xüsusilə qadınlarda daha çox müşahidə olunur. Bunun əsas səbəblərindən biri güclü və nizamsız aybaşı qanaxmalarıdır. Bəzi hallarda isə mədə-bağırsaq qanaxmaları da səbəb ola bilər.
Mütəxəssis vurğulayıb ki, xəstəliyin diaqnozu sadə qan analizi ilə qoyulur və düzgün müalicə ilə həm enerji, həm də həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşır. Davamlı yorğunluq yaşayan şəxslərin mütləq müayinədən keçməsi tövsiyə olunur.
Medianews.az