Medianews.az
Universitetlərin regionlara köçürülməsi –
836 baxış

Universitetlərin regionlara köçürülməsi – Bunu edə biləcəyikmi?

Universitetlərin regionlara köçürülməsi bu gün müzakirə olunan əsas məsələlərdən biridir. Əgər biz universitetləri regionlara köçürsək və orada yeni kampuslar tiksək, tələbələrin yataqxana problemləri həll edilər. Amma bu zaman başqa problemlər yarana bilər. Məsələn, müəllimlərin məişətinin təşkili, onların mənzillə təminatı, alilələrdə narahatlıqların yaranması və s.

Universitetlərin regionlara köçürülməsi məsələsi yeni deyil.

Təxminən 17-18 il əvvəl də bu mövzu müzakirə edilirdi. Konkret universitetlərə Hocahəsənli qəsəbəsində yeni kampus tikmək üçün torpaq sahəsi və layihə smeta sənədləri də hazırlanmışdı. Səhv etmirəmsə, hər kampusun inşasına ortalama o vaxtki qiymətlərlə 150 milyon manat (təxminən 200 milyon dollar) vəsait nəzərdə tutulurdu. Onda da elə indiki kimi, təhsilin keyfiyyəti ilə əlaqədar heç bir işə pul ayrılmırdı, təhsilin real inkişafına xidmət edəcək hər bir işi Təhsil Nazirliyi ictimai əsaslarla icra etməyi tələb edirdi. Amma təhsilə ayrılan iri pulları tikinti-təmir adı ilə mənasız layihələrə israf edirdilər (elə indiki kimi).

O vaxt belə müzakirələrin birində biz də iştirak edirdik. Çıxışımda bildirdim ki, gəlin əvvəl universitetlərimizi universitet edək, sonra hara istəsəniz köçürdək. İctimai əsaslarla universitet formalaşar? İctimai əsaslarla formalaşan universitetə 150 milyonluq kampus necə yaraşar? O kampusda daş və divarlardan başqa heç nə olmayacaq. Bilmirəm bu sözlərin təsiri oldu, ya pula heyifləri gəldi, bu fikirdən sonralar yayındılar, kampuslar tikiləsi olmadı.

Bu mövzu indi yenidən gündəmdədir. Amma universitetlərimizi hələ də universitet edə bilməmişik. Hələ də ictimai əsaslarla universitetlərimizi “inkişaf” etdiririk. Bazar iqtisadiyyatı dövründə müasir universitet quruculuğuna belə bəsit yanaşma, təhsil idarəçiliyində qeyri peşəkarlığın zirvəsidir. Burda qənaət edilən maliyyə sonralar tikinti-təmir işlərində gen bol israf edilir. Amma illərlə maliyyənin tərsinə, yəni keyfiyyətə yox, belə əhəmiyyətsiz məsələlərə israf edilməsi universitetlərimizi illərlə inkişafdan saxladı.

Əgər son 25 ildə hər bir universitet ortalama ildə 2-3 milyon manatlıq təmir işləri aparıbsa, bu 25 il ərzində təxminən 50-70 milyon manatlıq təmir deməkdir. Amma bu illər ərzində həmən universitet təhsilin keyfiyyətinə və elmi tədqiqatlara heç 1 milyon da xərcləməyib. Bu məbləği ölkədəki universitetlərin sayına vursaq, 25 illik israf 2-3 milyard manat edir, amma bu məbləğdən inkişafyönlü işlərə çox cüzi vəsait ayrılıb. Təəssüf ki, əksər universitetlər bu məbləği təhsilin keyfiyyətinə yox, təmir-tikintiyə investisiya ediblər. İndi də bu binaları, divarları, orada edilən 2-3 milyard manatlıq təmir işlərini Bakıda tərk edib, 0-dan regionlarda universitet yaratmaq istəyirik. Bu seçim nə dərəcədə rasional olar? Bütün bu problemlər ölkədə ali təhsil strategiyasının yoxluğu səbəbi ilə yaranır.

Bakıdakı universitetlərdən regionlardakı yeni kampuslara daşına biləcək heç bir elm, təhsil, məzmun və digər əhəmiyyətli resurslar yoxdur. Çünki o resurslar heç vaxt yaradılmayıb, onlara heç vaxt investisiya qoyulmayıb.

Təhsil investisiyaları sanki “hər şey təmir üçün, hər şey tikinti üçün” devizi ilə xərclənib, yəni israf edilib. Bütün bu 25 illik təmir-tikinti işləri və tikilən binalar, universitetlərin regionlara köçürülməsi halında tam səmərəsiz olacaqdır.

Bu halda universitetlərin regionlarda fəaliyyətini sıfırdan qurmaq lazım olacaq. Çünki paytaxtdakı universitetləri universitet etmək üçün 25 il ərzində zəruri olan bir çox mühüm işlər edilməyib.

Əgər universitetlər indi regionlara köçürüləcəksə, infrastruktur, yeni kampuslar yaratmaqla yanaşı, müasir tədris planları, fənn proqramları da hazırlamaq lazım gələcək. Yəni paytaxtda edilməyən işləri regionda etməliyik. Başqa sözlə, paytaxtdakı universitetləri hələ də universitet halına gətirməmişik, bunu indi regionlarda etməli olacağıq. Təəssüf ki, ali təhsildə 25 il ərzində qalaqlanmış kifayət qədər belə ciddi problemlər mövcuddur.

Əslində bütün bu illər ərzində investisiyanın hamısı tikinti-təmirə yox, ən çoxu bu məbləğin 50%-i kampusların tikintisinə və təmirinə getməli idi (beynəlxalq təcrübədə buna 25-30% xərclənir). Qalan məbləğ isə universitetin formalaşmasına, burada elm və təhsilin inkişafına, kadrların fasiləsiz təliminə, onların rəqabətqabiliyyətliyinin yüksəldilməsinə və s. zəruri işlərə xərclənməli idi.

Bu gün universitetlərimizin məzunlarının səviyyəsinə baxanda, aydın görürük ki, onlar əmək bazarı tələblərinə cavab vermirlər. Buna görə də universitetlərimizin inkişafını təmin etməli, səviyyələrini yüksəltməliyik. Bütün bu səbəblərdən, biz neft kapitalını, insan kapitalına çevirə bilmədik. Regionlarda bunu edə biləcəyikmi?

İlham Əhmədov, 
pedaqoji elmlər namizədi, dosent 

Bizə qoşulun